Şərqi Tərəfdaşlıq çərçivəsində təşkil olunan EaP Civic Tech Hackathon müsabiqəsində Azərbaycandan iştirak edən yeganə komanda – ArtiProof uğurlu nəticə əldə edib.
2026-cı il 16–20 aprel tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən hakatonda Moldova, Azərbaycan, Ermənistan, Belarus və Ukraynadan ümumilikdə 96 müraciət qeydə alınıb. Seçim mərhələsindən sonra yalnız 15 komanda finala vəsiqə qazanıb.
Final mərhələsində iştirakçılar layihələrini münsiflər heyətinə təqdim edərək texniki həllərini, strateji yanaşmalarını və real tətbiq imkanlarını nümayiş etdiriblər. Qiymətləndirmə nəticəsində ən yaxşı 5 komanda növbəti mərhələyə yüksəlib.
Azərbaycandan qatılan ArtiProof komandası dezinformasiyaya qarşı texnoloji həll konsepti ilə çıxış edib. Komanda təqdimat zamanı güclü arqumentasiya və peşəkar ünsiyyət bacarıqları ilə seçilərək TOP 5-lik siyahıya daxil olub.
Qeyd edək ki, ArtiProof bu nəticə ilə proqramın növbəti inkubasiya mərhələsinə keçid əldə edib. Bu uğur Azərbaycanın vətəndaş texnologiyaları sahəsində beynəlxalq arenadakı mövqeyinin gücləndiyini bir daha nümayiş etdirir.


























