Rusiya-Azərbaycan sərhədində yerləşən Dağıstanın Yaraq-Qazmalar buraxılış məntəqəsində yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.
Veteninfo.az-ın Şimali Qafqaz Gömrük İdarəsinə istinadən verdiyi məlumata görə, bu, məntəqənin buraxılış gücünün 100 avtomobil artıracaq.
Məqsəd yük avtomobillərinin Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin ərazisindən sürətli çıxışının təmin edilməsi, növbədə gözləmə müddətinin əhəmiyyətli dərəcədə azaldılmasıdır.
Hazırda bu buraxılış məntəqəsində yük normadan 1,5 dəfə artıqdır və hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.
“Anti-Rusiya sanksiyaları və Rusiyanın Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbatı xüsusilə artır. Belə ki, Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsi Rusiya-Azərbaycan sərhədinin ən böyük və ən sıx keçid məntəqəsidir. Azərbaycan, Türkiyə və İrandan malların, ilk növbədə faraş meyvə-tərəvəzin Rusiyaya çatdırılmasının ritmi onun işindən asılıdır. Biz bu cür məhsulların prioritet rəsmiləşdirilməsini təmin etmək üçün bütün lazımi inzibati və təşkilati tədbirləri görürük”, – deyə Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib.
Yaraq-Qazmalarda 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. Yenidənqurma işi başa çatdıqdan sonra məntəqənin buraxılış qabiliyyəti sutkada 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4 000 nəfər olmalıdır.