image-photo-2022-04-21-09-08-28backend

Azərbaycan xalqının milli kimliyi

image-reklam_sirab_01

Zaman – zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Hər bir dili yaşadan, inkişaf etdirib gələcək nəsillərə ötürən həmin dilə mənsub olan xalqdır. Bir xalqın dili olmazsa, onun düşüncəsi olmaz, yüksəlişi olmaz, bir sözlə, xalqı xalq edən, onu millət edən onun dilinin olmasıdır. Azərbaycan xalqının mənafeyi uğrunda çalışan onun dilini hər şeydən üstün tutan, yad təsirlərdən qoruyaraq inkişaf etdirən, saflaşdıran və ən sonunda dövlət dili səviyyəsinə yüksəldən bunun üçün misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev olmuşdur. Azərbaycan dövlətinin tarixinə öz fəaliyyəti ilə adını qızıl hərflərlə yazan Heydər Əliyev dilin inkişafının önəmini qeyd edirdi. Azərbaycan dili dövlət dili seçilənədək keşməkeşli yollardan keçmişdir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdən hesab olunur. Azərbaycan dili dövlət dili seçilənədək keşməkeşli yollardan keçmişdir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmıdır. Əgər bir xalq inkişaf etmiş zəngin dil mədəniyyətinə sahibdirsə, o xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.

Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların və soyların dili təşkil etmişdir.Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır. SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu təklif Ulu Öndər Heydər Əliyev tərəfindən 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur:

  • “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”

Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali Qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi Qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi.  Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bununla da ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözü gedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir;

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında:

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.

***

Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm.

***

Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!

İsmayılova Aygün/ YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki