Bu gün “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistikası Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Bu barədə Veteninfo.az-a Dövlət Vergi Xidmətindən bildirib.
Məlumata görə, konfransda çıxış edən qurumun rəisi Orxan Nəzərli bildirib ki, Azərbaycanda biznes statistikasının aparılması sahəsində dövlət qurumlarının potensialının artırılmasına yönəlmiş bu layihənin icrasına, digər benefisiarlar kimi, vergi xidmətinin də bir qrup əməkdaşı cəlb olunub. Ötən müddətdə həmin əməkdaşların bilik və bacarıqlarının artırılması üçün əhəmiyyətli iş görülüb. Layihə çərçivəsində biznes subyektlərinin uçotunu aparan orqan ilə statistika idarəsi arasında məlumat mübadiləsinin formaları, mübadilə edilən məlumatların tərkibi, o cümlədən irihəcmli məlumatların emalı və uyğunlaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində olub. Layihənin tərəfdaşları olan Finlandiya, Litva və Niderland kimi Avropa İttifaqına daxil olan ölkələrin statistika qurumlarının təcrübələri öyrənilib.