Azərbaycanda vətəndaşın avtomobili Şirvan su kanalına düşüb.
Veteninfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Videoda danışan vətəndaş bildirib ki, avtomobil küləyin təsirindən su kanalına yuvarlanıb. O deyib ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq heç bir tədbir görülməyib.
“101, 102, 112-yə, sudan xilas etmə xidmətlərinə, Şirvan Rayon İcra hakimiyyətinə müraciət etmişəm. Hamısı gəlib baxıblar, deyiblər bizlik deyil”.
Şikayətçi 12-15 min manat dəyərindəki şəxsi nəqliyyat vasitəsilə taksi fəaliyyəti göstərdiyini və dolanışığını təmin etdiyini söyləyib.
Ərazidəki vətəndaşların sözlərinə görə, bir neçə dəfə ayaqyalın suya düşsələr də, avtomobili tapa bilməyiblər:
“Kanal dərindir, təhlükəlidir, suya düşüb axtarsaq da, tapa bilmirik. Tapsaq belə çıxarmaq üçün kran lazımdır”.
Zərərçəkmiş avtomobilin sudan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edərək kömək istəyib.
Ölkə.Az məsələ ilə bağlı Fövqələdə Hallar Nazirliyinə müraciət ünvanlayıb.