Azərbaycanın xarici ölkələrlə mədəni-humanitar əlaqələrin inkişafında, mədəniyyətimizin təbliği və tariximizin tanıdılması istiqamətində misilsiz fəaliyyət göstərən Heydər Əliyev Fondunun rolu danılmazdır.
Yarandığı andan etibarən fondun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri davamlı şəkildə dünya ölkələrində yayılır. Ölkəmizin siyasi, ictimai, mədəni həyatı, nailiyyətlərimiz yüksək səviyyədə təbliğ edilir.
Fondun gerçək Azərbaycan tarixi, dünyəvi Azərbaycan təməllərinə əsaslanmaqla reallaşdırdığı müxtəlif səpkili fəaliyyət qarşıya qoyulan missiyanın reallaşdırılmasına təkan verir.
Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin, ədəbiyyat və tarixinin dünyada təbliği istiqamətində davamlı işlər görülür. Bu işlərin sayı günü-gündən artır. Təbii ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğindən danışırıqsa, birmənalı olaraq, Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələri qeyd etməliyik. Mədəniyyətimizin, tariximizin beynəlxalq miqyasda tanınmasında Fondun böyük rolu var.
Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələr ənənə halını alıb və bu layihələrə beynəlxalq aləmdən çox böyük dəstək gəlir. Fondun ənənəvi olaraq təşkil etdiyi “Qız qalası” beynəlxalq incəsənət festivalı bu baxımdan böyük əhəmiyyət daşıyır.
Keçən il VII “Qız qalası” beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda müxtəlif tədbirlər keçirildi, sərgilər təşkil olundu. Birmənalı olaraq deyə bilərik ki, festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.
Onu da vurğulayaq ki, Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərən “Azərbaycan şəhərciyi”ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənib.
2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən biri Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər oldu. Qeyd edək ki, 15-31 iyul 2016-cı ildə Kannın Festivallar sarayında Azərbaycanın tarixini və mədəniyyətini, Fransa ilə Azərbaycan arasında əlaqələri əks etdirən sərgilər açıldı.Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi də yaddaqalan layihələrdən biridir.
2015-ci ildə Heydər Əliyev Fondunun Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə Parisdə təşkil etdiyi “Azərbaycan şəhərciyi” sərgi-layihəsi ölkəmiz haqqında geniş informasiya verib.
“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında fəaliyyət göstərib. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgilər təşkil edilib. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində izləyə bilib. Ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edib.
Fransada yaşayan tanınmış azərbaycanlılara və Azərbaycana səyahət etmiş məşhur fransızlara həsr olunmuş “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı fotosərgidə iki ölkə və xalqın həyatını əks etdirən fotolar və məlumatlar sərgilənib. Milli mətbəximizi nümayiş etdirən köşklərdə şirniyyatlar, içkilər təqdim olunub, qonaqlar üçün milli mətbəximizin ləziz xörəkləri hazırlanıb. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də yer alıb. Təşkil olunmuş konsert proqramlarında ziyarətçilərə Azərbaycan musiqisi və rəqsləri təqdim olunub.Qeyd edilənə görə, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.
Parisdə “Azərbaycan şəhərciyi” 2016-cı ildə də ənənəvi olaraq açılıb. Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi “Azərbaycan şəhərciyi” böyük əks-sədaya səbəb olub. Şəhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında ziyarətçilər xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olub.
Muzey bölməsində “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənib.
Şəhərcikdə daha bir yenilik isə “Uşaq zonası” ilə bağlı idi. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilib.
“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunub.Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, tarixinin, dəyərlərinin beynəlxalq aləmdə təbliğində, tanıdılmasında oynadığı böyük rol danılmazdır. Bu, dövlətimizin, mədəniyyətimizin, tariximizin yüksək səviyyədə təbliğ olunması deməkdir.
Hüseynli Billurə ADPU