image-1backend

Azərbaycanda “TikTok” qadağası yenidən gündəmdə: birdəfəlik bağlanmalıdır, yoxsa…

image-reklam_sirab_01

Bir çoxları “TikTok” sosial şəbəkəsinin cəmiyyətin mənəviyyatı üçün zərərli olduğunu düşünür. Bu səbəbdən həmin sosial şəbəkənin Azərbaycanda qadağan olunması məsələsi tez-tez gündəmə gəlir.

Bu yaxınlarda Nepal Çinə məxsus bu sosial şəbəkənin qadağan edilməsi üçün hərəkət keçib. Hökumət “TikTok”un ölkədə ictimai harmoniyanı pozduğunu bildirir. Azərbaycanda da həm İkinci Qarabağ müharibəsində, həm də lokal antiterror tədbirlərində sosial şəbəkəyə məhdudiyyətlər tətbiq edilib. Lakin qısa müddət sonra bu qadağalar aradan götürülüb.

Bir neçə ölkə də “TikTok”a qarşı təbirlər görüb. 2022-ci ilin sonunda ABŞ Konqresi “TikTok”u federal qurumlara məxsus telefon və digər cihazlarda qadağan edən qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, on il əvvəl “Facebook”un qurucusu Mark Zukerberqdən bir yaş böyük olan çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Cəmi 5 il əvvəl istifadəyə verilən sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir. Platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiaları daha yüksək səslə ifadə edilməyə başlanılıb.

Tətbiq sosial media bazarında rəqabət üsullarını dəyişdirib. Artıq “YouTube” və “Instagram” kimi media platformaları “TikTok”a bənzəyən funksiyalar yaradıblar. “Facebook” sosial şəbəkəsinin sahibi olan “Meta” şirkəti də oxşar funksiya üzərində işləyir.

Azərbaycanda bu sosial şəbəkəyə gündəlik milyonlarla insan daxil olur. “TikTok” nəyi təbliğ edir? Bir çox ölkədə qadağan olunan bu sosial şəbəkə bizdə də qadağan edilməlidirmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “TikTok”un qadağan edilməsi barədə düşünmək yanlışdır:

“Müharibə şəraitində və antiterror tədbirləri zamanı müvəqqəti qadağaların tətbiq olunması başadüşüləndir. Ancaq biz cəmiyyəti mədəniləşdirməyə çalışmalıyıq. “TikTok” girən adam kimdir? Azərbaycanlı. Həmin şəxslər orada necədirlərsə, real həyatda da elədirlər.  Bu baxımdan insanların mədəni dünyagörüşünü artırmaq üçün tədbirlər görülməlidi. Belə tədbirlər görüldükdən və müsbət nəticə alındıqdan sonra həmin şəxslər “TikTok”da da olsalar, özlərini normal, mədəni aparacaqlar”.

Yazıçı-publisist Hafiz Mirzə isə “TikTok”un narkotikdən betər olduğunu söyləyib:

“Ümumiyyətlə bu təpəgöz, iblis, yəni mobil telefon cəmiyyətə faydadan daha çox ziyan verir. Mən özümdə müşahidə eləmişəm, telefonu ələ götürürsən, sosial şəbəkələrə baş vurursan, bir də ayılırsan ki, bir neçə saat vaxtın bihudə gedib. Lazımsız informasiyalar beynimizə dolur və bizi əməllicə yorur. Hələ mən onu demirəm ki, şüuraltına nə qədər anti-milli, anti-dini, anti-bəşəri fikirlər yığılır. Yaşlı nəsli bu cür metodlarla yoldan çıxartmaq, çaşdırmaq, azdırmaq bir qədər çətindir. Amma gənc nəsil bu sosial şəbəkələrin, xüsusən də “TikTok”un təsiri altına asanlıqla düşür. Mən “Zərban” TV internet kanalının sahibi və direktoruyam deyə çəkdiyimiz verilişlərin təbliği ilə bağlı “İnstagram”a, “Facebook”a, “X”ə və “TikTok”a girmək məcburiyyətindəyəm.  Bu zaman gördüklərim məni dəhşətə gətirir. Xüsusən də, canlı yayımlar açılması burada dəb düşüb. Cavan gəlinlər, gözəl qızlar, əxlaqsız qadınlar bu canlı yayımlarda üstünlük təşkil edirlər. Hətta bəzən ər-arvad  canlı yayımda oturub,  tanımadıqları-bilmədikləri adamlarla söhbət edir, zarafatlaşır, daha doğrusu, məzələnir, mırtlaşır. Bu ərin qeyrəti necə qəbul edir ki, onun arvadı yanında ikən başqa kişilərlə mırtlaşır, məzələnir… O gün bir saqqallı cavan erkək arvadına dedi ki, o gedir yatmağa, bu istəyir özü davam etsin.

Təpki vermək, dişinin dibindən çıxanı yağdırmaq olmur. Adam öz abırından qorxur. Bu cür yüzlərlə, minlərlə faktlar var ki, yeniyetmələrin, gənc oğlan və qızların tərbiyəsini pozur, həyat eşqini, dünya marağını söndürür. Bir milləti məhv etmək üçün ən güclü vasitə  onun gəncliyinin arasında narkotikanı yaymaq sayılırdısa, indi “TikTok” narkotikadan daha betərdir!”

H.Mirzə vurğulayıb ki, “TikTok” Azərbaycanda birdəfəlik bağlanmalıdır:

“Eşitdiyimə görə Türkiyədə “TikTok” bağlanmışdı. Bizdə də həm 44 günlük müharibə zamanı, həm də son antiterror əməliyyatları ilə əlaqədar olaraq “TikTok” dayandırılmışdı. Çox təəssüf ki, yenidən buraxıldı. Guya onun bağlanılması demokratik prinsiplərə zidd  sayılır. Əsla! Əslində demokratik prinsiplər heç də hər kəsin nə istəsə edə bilməsi deyil. Cəmiyyət yaradılarkən insanın bir çox təbii azadlıqları bu cəmiyyətin öhdəsinə verilir və qanunlar formasında hamıya aid olan prinsiplər formalaşdırılır. Hansısa bir əxlaqsız qadının, LGBT mənsubunun, düşmən ölkənin, siyasət avantüristlərinin azadlıq və demokratiya adı altında cəmiyyətə öz üfunətini ixrac etməsi məhz anti-demokratikdir! Kimin haqqı çatır ki,  özünün  subyektiv fikir və əməllərini cəmiyyətə ixrac etməklə başqalarını yoldan çıxartsın!? Məhz buna görə də “TikTok” Azərbaycanda tamam dayandırılmalı, başqa resurslar vasitəsilə ona daxil olunması da qanunla qadağan edilməlidir!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image