2021-ci ilin iyul ayında başlanmış təlimləri bitirən daha 7 məzun “Bakı Metropoliteni” QSC-də ən tanınmış peşələrdən biri hesab olunan maşinist peşəsinə yiyələnib.
Veteninfo.az xatırladır ki, təlimlərlə bağlı müsabiqə ötən ilin fevral ayında elan edilib.
300-ə yaxın müraciət arasında 170 nəfər əsas tələblərə uyğun gəldiklərindən imtahanlara çağırılıb. Metropolitenlə bağlı ibtidai biliklər və məntiq testinə qatılan 125 nəfərdən yalnız 35-i məqbul nəticə göstərib. Müsahibə və psixoloji testdən ibarət ikinci mərhələni 16 nəfər keçə bilib. Üçüncü kadr komissiyası və tibbi yoxlamadan keçən 10 nəfər nəzəri təlimlərə başlasa da, kursun gedişində 3 müdavim müxtəlif səbəblərdən tədris prosesindən uzaqlaşıb. Nəzəri və praktiki mərhələlərdən uğurla keçən 7 müdavim isə təcrübə müddətini də uğurla keçərək, kadr komissiyası qarşısına çıxıb və metropolitenin maşinisti vəsiqəsini əldə edib.
Artıq daha bir kurs da yekunlaşıb. 8 müdavimdən 6-sı normativlərə uyğun olaraq təcrübəyə cəlb olunub. Müdavimlər 7 aya yaxın davam edən kursda kifayət qədər praktiki vərdişlərə yiyələnsələr də, təlimlərdən sonra 2 aya yaxın davam edən yürüşlərdə normativləri yerinə yetrməli, maşinist kimi özlərini doğrultmalı və qatarı sərbəst idarə etmək bacarığını təsdiq etməlidirlər.