Bakıda piyadaların səhlənkarlığı ilə nəticələnən ağır yol qəzalarının görüntüləri yayılıb.
Veteninfo.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl paytaxtın A.Salamzadə küçəsi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində qeydə alınıb.
Belə ki, yüksək hərəkət sürətli yollarda piyadalar piyada zolağı olmayan ərazilərdən keçmək istəyən zaman anidən avtomobillərin qarşısına çıxıblar. Qəza nəticəsində piyadalar ölüblər.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, ötən günlər paytaxt yollarında, xüsusi ilə də günün axşam saatlarında piyada səhlənkarlığı ilə nəticələnən ağır yol qəzaları qeydə alınıb.
DYP rəsmisi yüksək hərəkət sürətli yollardan keçmək istəyən piyadalara çağırış edib:
“Bakı Şəhər Dövlət Yol Polisi belə hadisələrin baş verməməsi üçün piyadaların diqqəti olmasını xahiş edir. Yüksək hərəkət sürətli yollarda, xüsusi ilə də günün axşam saatlarında yolun nəzərdə tutulmayan hissəsində tam təhlükəsizlik tədbirlərinə əməl etmədən yola anidən çıxmaq olmaz. Bu da həmin şəxslərin həyatına təhlükə yaradır. Həmçinin onlar hadisə zamanı sürücüləri də çətin vəziyyətə salırlar, məsuliyyət qarşısında qoyurlar”.