Bu gün Bakıda nəqliyyat sektorunda ən aktual problemlərdən biri parklanmadır. Paytaxtda avtomobilləşmənin günü-gündən artmasına baxmayaraq, park etmə yerlərinin sayında isə heç bir artım müşahidə edilmir.
Dayanma-durma qaydalarının tələblərini pozan sürücülər digər nəqliyyat vasitələrinin, xüsusilə ictimai nəqliyyatın hərəkətini ləngidir, nəticədə sıxlıq və tıxac yaranır. Həmçinin bəzi sürücülər səkilərdə maşını saxlayaraq piyadaların hərəkətini məhdudlaşdırır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bakıda parklanma yerləri məhdud saydadır və bunun da səbəbi tikinti şirkətlərinin şəhərsalma qaydalarını kobud şəkildə pozmasıdır. Onun sözlərinə görə,aidiyyəti qurumlar da bu məsələyə biganə yanaşır:
“Deyək ki, sovet dövründə tikilən binalarda gələcəkdə avtomobilləşmə artımı nəzərə alınmayıb ki, bu maşınlar üçün parklanma şəraiti necə olacaq? İndi müasir dövrdə tikilən binalarda isə bu proses bir az fərqli formada tənzimlənir. Bu şirkətlər sanki acgözlük nümayiş etdirirlər. Tutaq ki, 200 mənzilli bina tikirlər. Bu halda təxminən 200 maşın üçün park yeri tikilməlidir, yəni ən minimum bu qədər olmalıdır. Bunlar isə 200 mənzilli bina tikirlər, ən yaxşı halda isə 50-60 avtomobil üçün parklanma yeri yaradırlar.
Binaların zirzəmiləri bir-iki mərtəbə parkinq yeri kimi düzələ bilər, həyətində parklanma yeri üçün şərait yaradıla bilər, amma şirkətlər bir mərtəbəni parkinq edirlər, onu da sakinlərə baha qiymətə satırlar. Hansı ki, bu qanunsuzdur. Mənzil Məcəlləsinə görə, bu yerlər sakinlərin ixtiyarına verilməlidir. Şirkətlər qanunu pozaraq sakinlərə bunu pulla satırlar. Binanın birinci mərtəbəsini adətən ticarət mərkəzi, gözəllik salonu, fitnes salonu və sair məqsədlər üçün istifadə edirlər. Amma məntiqlə düşünəndə nəzərə almırlar ki, bu mağazanı burda açırsansa, bura insanlar maşın ilə gəlirlər”.
Elməddin Muradlının fikrincə, bu problemin aradan qaldırılması üçün tikinti şirkətləri bina tikərkən bir sıra qurumlar ilə mütləq razılaşma əldə etməlidirlər:
“Mənim təklifim ondan ibarətdir ki, paytaxtda istər yaşayış binası kimi, istər ticarət məqsədilə belə binalar tikilərkən mütləq Bakı Nəqliyyat Agentliyi və yol polisi ilə, digər ərazilərdə isə yol polisi ilə birbaşa razılaşdırma olmalıdır. Amma təəssüflər olsun ki, bu gün tikintiyə icazə verən qurumlar yol polisini heç yada salmır. Ən axırıncı yazırlar ki, onlardan da soruşaq, amma heç bəziləri ümumiyyətlə soruşmur. Bəziləri isə müraciət edir, cavabı gözləməmiş binanı tikir, qurtarır, hətta satır da. Yəni belə bir biabırçı vəziyyətdə parklanma ilə bağlı məhdudiyyət yaranıb.
Birincisi, avtomobilləşməyə paralel olaraq ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır ki, insanların seçim etmək şansı olsun. İkincisi, paralel olaraq parklanma üçün şərait yaratmaq lazımdır. Bunun üçün sahibkarlara dəfələrlə müraciət olunub. Düzdü, indi böyük ərazidə parklanma yaratmaq çətindir, amma bir neçə mərtəbədən ibarət parklanma yeri tikmək mümkündür. Artıq Bakıda bu təcrübə var və düşünürəm ki, burada da nəzəri və praktiki məsələlər analiz və təhlil olunmalıdır. Bu məsələ təkcə kiminsə monopoliyasında olmamalıdır. Hər bir sahibkara imkan yaradılmalıdır ki, gücü çatan şəxslər bu işə yatırım etsin”.
Məsələ ilə əlaqədar sorğumuzu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirdi ki, yolun hərəkət istiqamətində ikinci və üçüncü zolaqlarda, ümumiyyətlə, avtomobili saxlamaq olmaz.
“Bu zolaqlarda dayanma, durma qadağandır. Həmçinin piyada səkilərində parklanma qətiyyən olmaz. Yolda harada dayanma-durma üçün icazə verilir, orada yol nişanları var. Nişanın tələbini pozmaq olmaz. Dayanma-durma qaydalarının pozulması bu gün cəmiyyətimizdə ən geniş yayılan qayda pozuntusudur. Bakı üçün bu qayda pozuntusu çox spesifik problemdir və yollarda hərəkətin nizamlılığı, fasiləsizliyi, təhlükəsizliyi baxımından ən ciddi qayda pozuntusu olaraq hazırda birinci yerdə dayanır.
Onu da qeyd edim ki, bununla bağlı gündəlik xidmət aparılır. Xüsusi texniki vasitələrlə dayanma-durma tələblərini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.1. maddəsi ilə məsuliyyətə cəlb olunur”, – deyə baş inspektor qeyd etdi.