image-resid-heyderovbackend

Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq!

image-reklam_sirab_01

Təşəkkür edirəm cənab Prezident, bizə bu qüruru yaşatdığınız üçün,
ruhunuz şad olsun Şəhidlər, Azərbaycanı qanınız, canınız bahasına
“bütöv Azərbaycan” etdiyiniz üçün!

İşğaldan azad olunmuş torpaqlarımıza on dəfədən çox səfər edən Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman olduğu kimi bu dəfə də ənənələrinə sadiq qalaraq Kəlbəcər və Laçına səfər gerçəkləşdirdilər. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşdığının hər birimiz şahidiyik. Məhz elə buna görə də qeyd olunan istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır.
Səfər zamanı Prezident İlham Əliyev Ermənistanın ərazidə həyata keçirdiyi qanunsuz tikinti işlərindən, bu tikintilərin həyata keçirilməsindəki məqsədlərdən danışmış, Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkildiyini vurğulayaraq qeyd etmişdir ki, “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq!”
Ölkə başçısının CNN Türkə verdiyi müsahibədən və eyni zamanda səfər zamanı çıxışından hər birimizə bir daha məlum olur ki, əzəli və əbədi torpaqlarımızda bütün nəzarət tam olaraq dövlətimizin əlindədir. Azərbaycanın və deyərdim ki, regionun dürü, incisi olan bu iki rayondan, bütün Qarabağımızdan illər idi ki, narahat idik. Ali Baş Komandanımızın mərdliyi, Vətən oğullarımızın cəsarəti, qorxmazlığı, torpaq sevgisi bizim narahatçılığımıza son qoydu, Cənab Prezidentin də dediyi kimi, “Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi”.
Qürurverici anlardan biri də Beynəlxalq Hava Limanının təməl qoyma mərasimi idi. Hava limanı Qorçu kəndinin ərazisində inşa ediləcək Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometrə barəbər hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident necə sözvermişdi elə də etdi: “Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura- Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafədə 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.
Bütün uşaqlığımın, gəncliyimin keçdiyi, ömrümün ən gözəl illərinin xatirəsini özündə saxlayan incimiz olan Laçının bərpasını, yenidən qurulmasını görüb xoşbəxt olmamaq, sevinməmək mümkünsüzdür. Təşəkkür edirəm cənab Prezident, bizə bu qüruru yaşatdığınız üçün, ruhunuz şad olsun Şəhidlər, Azərbaycanı qanınız, canınız bahasına “bütöv Azərbaycan” etdiyiniz üçün!

Suraxanı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rəşid Heydərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki