“Dövlət və Vətən müqəddəs anlayışlardır. Dövlətə və Vətənə qarşı çıxanları xalq tarix boyu heç vaxt bağışlamayıb və bu gün də bağışlamır”.
Bunu Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.
O deyib ki, ölkə gündəmi AXCP sədri Əli Kərimlinin və onun silahdaşlarının saxlanılması ilə bağlıdır:
“Cəmiyyətdə bu prosesin davamı və gözləntilər barədə geniş müzakirələr aparılır. İstintaqın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılması isə onu deməyə əsas verir ki, ortada ciddi məqamlar var. Ramiz Mehdiyev işi və ona yönələn ittihamlardan sonra proseslərin genişlənəcəyi gözlənilən idi. Bir çox hüquqşünaslar bildirir ki, Ramiz Mehdiyevə yönələn ittihamların təkbaşına həyata keçirilməsi mümkün görünmürdü.
Deməli, bu prosesin arxasında başqa şəxslər də mövcuddur və dövlət qurumları onların üzə çıxarılacağını əvvəlcədən ehtimal edirdi. Xalq Cəbhəsi funksionerlərinin Ramiz Mehdiyev ilə əlaqələrinin üzə çıxması göstərir ki, bu münasibətlər yeni deyil, uzun illərin nəticəsidir. Bu, Ramiz Mehdiyevin istefasından sonra yaranmış yaxınlıq deyil, daha əvvəldən formalaşmış əlaqələrdir. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin, keçmiş Milli Şura və Milyarderlər İttifaqının bəzi üzvlərinin çağırışları daima bir-biri ilə üst-üstə düşüb.
Eyni zamanda, xaricdə özlərini “bloger” adlandıran bəzi şəxslərin mövqeləri də bu qurumlarla paralel olub”.
Hüquq müdafiəçisi qeyd edib ki, bəzi siyasi liderlər hakimiyyətə gəlmək üçün demokratik və sivil yollardan istifadə etmək əvəzinə, radikal çağırışlarla xalqı küçələrə çıxarmağa cəhd edib:
“Bu baş tutmadıqda isə sosial şəbəkələrdə qarayaxma kampaniyaları təşkil olunub. Lakin bütün bu cəhdlər nəticəsiz qalıb. Çünki Azərbaycan nə 1992-ci il, nə də 2003-cü ildir. Bu gün Azərbaycan güclü siyasi-iqtisadi dayaqlara malik dövlətdir və burada xalq ilə hakimiyyət arasında birlik mövcuddur. Biz bu birliyi 44 günlük Vətən müharibəsində açıq şəkildə gördük – xalq, dövlət və ordu bir yumruq kimi birləşdi və qələbə bunun ən bariz nümunəsi oldu.
Siyasi hakimiyyətə gəlmək üçün sosial dayaq bazası olmayan qüvvələr bu səbəbdən qeyri-qanuni yollara üz tuturlar. Lakin hüquqi dövlət bu cür fəaliyyətlərə dözmür və hesab edirəm ki, yaxın günlərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən daha yeni adların da açıqlanmasının şahidi olacağıq. Bir hüquq müdafiəçisi olaraq, biz heç zaman dövlətə, millətə və xalqa xəyanət edənlərin yanında olmayacağıq. Bizim üçün iki müqəddəs dəyər var: xalq və Vətən. Xalqına və Vətəninə qarşı çıxanlar, hakimiyyəti qanunsuz yollarla ələ keçirmək istəyənlər tarix qarşısında da, xalq qarşısında da bağışlanmır”.


























