image-reklam-veteninfo
image-1backend

Daşkənd sammitinin geosiyasi nəticələri

image-reklam-veteninfo

Prezident İlham Əliyevin Daşkənd sammitində iştirakı və çıxışı siyasi diplomatiyamızın yeni keyfiyyət mərhələsinə keçdiyinin real göstəricisidir. Azərbaycan artıq regionu yalnız müşahidə edən tərəf deyil, qərarların verilməsində aktiv mövqe tutan, prosesləri yönləndirən, gələcək inteqrasiyanın konturlarını müəyyənləşdirən strateji aktordur.
Mərkəzi Asiya liderlərinin yekdilliklə qəbul etdiyi qərar ölkəmizə göstərilən yüksək etimadın və Azərbaycanın regiondakı nüfuzunun siyasi-institusional təsdiqidir. Tarixi, mədəni və mənəvi yaxınlığı siyasi iradəyə çevirən bu qərar, Azərbaycan dövlətinin strateji çevikliyinin, diplomatik düşüncə dərinliyinin və regional liderlik fəlsəfəsinin məntiqi davamıdır. Bu platformaya qoşulmaq Azərbaycanın, sözün əsl mənasında, Avrasiya geosiyasətinin ayrılmaz və əvəzolunmaz komponentinə çevrildiyini ortaya qoyur.

Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin mahiyyəti artıq yeni və çoxşaxəli bir inteqrasiya konseptini formalaşdırır. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika sistemləri, rəqəmsal kommunikasiya, iqtisadi əməkdaşlıq, humanitar proqramlar və sivilizasiya bağlantıları ölkələrimizi vahid strateji məkanın tərkib hissəsinə çevirir. Bu inteqrasiya təkcə iqtisadi maraqların uzlaşdırılması deyil, eyni zamanda ortaq tarixi yaddaşın və müasir dövlətçilik təfəkkürünün harmoniyasından doğan siyasi birliyə əsaslanır.

Orta Dəhlizin genişlənməsi və Zəngəzur dəhlizinin qlobal tranzit xəritəsində mühüm arteriyaya çevrilməsi Azərbaycanın regiondakı rolunu daha da gücləndirir. Bu layihələr coğrafiyanın diktə etdiyi üstünlüyü müasir idarəçilik modeli ilə birləşdirərək ölkəmizi Avrasiyanın enerji və ticarət sisteminin mərkəzinə çevirir. Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmiryol xətti, yeni hava limanları və rəqəmsallaşan gömrük infrastrukturu Azərbaycanın tranzit potensialını strateji üstünlüyə çevirən kompleks mexanizmdir. Mərkəzi Asiya ölkələrinin Orta dəhlizlə bağlı qətiyyəti isə regionlararası əməkdaşlığın iqtisadi fəlsəfəsini formalaşdıran əsas faktorlardandır.

Enerji təhlükəsizliyi və rəqəmsal kommunikasiya xəritəsində baş verən dəyişikliklər Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığını yeni texnoloji mərhələyə daşıyır. Xəzərin dibi ilə keçirilməsi nəzərdə tutulan enerji və rəqəmsal kabel layihələri, faktiki olaraq, regionlarımızı vahid enerji-rəqəmsal məkanına inteqrasiya edir və Avrasiyanın enerji xəritəsində tamamilə yeni bir konfiqurasiyanın yaranmasına xidmət edir. Bu prosesin özü artıq yalnız iqtisadi layihə deyil, siyasi suverenlik, energetik balans və texnoloji təhlükəsizliyin əlaqələndirilmiş şəkildə idarə olunması deməkdir.

Azərbaycanın azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya ölkələrindən gələn dəstəyə verdiyi yüksək qiymət bu inteqrasiyanın humanitar ölçüsünün dayanıqlığını təsdiqləyir. Qardaş ölkələrin Füzuli və Ağdamda inşa etdiyi təhsil və mədəniyyət ocaqları, Türkmənistanın məscid layihəsi bölgədə gələcək birgə sivilizasiya vizyonunun rəmzidir. Bu addımlar həm tarixi yaddaşa, həm də ortaq gələcək konsepsiyasına xidmət edir və regionlararası əməkdaşlığı mənəvi-siyasi müstəvidə daha da möhkəmləndirir.

Cənubi Qafqazdakı mövqeləri qorumaqla Azərbaycanın Mərkəzi Asiya platformasına qoşulması – beynəlxalq siyasətdə çoxvektorlu diplomatiyanın uğurla həyata keçirilməsi, ölkəmizin hər iki regionda siyasi sabitliyin, strateji əməkdaşlığın və təhlükəsizlik arxitekturasının formalaşdırılmasında aparıcı aktor kimi çıxış etməsinə imkan yaradır. Bu paralel dinamika Azərbaycanın regional siyasət fəlsəfəsini daha da gücləndirir və dövlətçilik konsepsiyamıza yeni dəyər qatır.

Daşkənddə qəbul edilən tarixi qərar, Azərbaycan diplomatiyasının müasir mərhələdə əldə etdiyi ən böyük strateji nailiyyətlərdən biri kimi Avrasiyanın siyasi sisteminə mühüm təsir göstərəcək. Bu addım ölkəmizi yalnız regional deyil, qlobal siyasi proseslərin fəal iştirakçısından prosesləri yönləndirən intellektual-siyasi mərkəzə çevirir. Azərbaycanın artan nüfuzu, güclənən mövqeyi və çoxvektorlu siyasətinin effektivliyi ölkəmizin beynəlxalq birlikdəki rolunu yeni keyfiyyət mərhələsinə yüksəldir. Ölkəmizi Mərkəzi Asiya ilə qovuşduran bu yeni konfiqurasiya dövlətimizin gələcək inkişafının strateji konturunu müəyyənləşdirir və milli maraqlarımızı daha geniş coğrafiyada təmin edən, dayanıqlı, inteqrasiya olunmuş əməkdaşlıq modelinin əsasını qoyur.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki