Dəmir yumruq kimi birləşən xalqı heç bir qüvvə sarsıda bilmədi. Güclü olmaq birlikdən irəli gəlir. Əgər birlik varsa ,onda gücdən söz açmaq olar. Özü də bu güc bir xalqın, millətin işğal altında olan torpaqlarını azad etmək uğrunda bir yumruq kimi birləşən insanların birliyidirsə, onda bu birliyin qarşısında heç nə dura bilməz. Vətəni uğrunda birləşən xalqımızı heç nə sarsıda bilmədiyi kimi.
İlk vaxtlar hər birimizdə qorxu, təşviş yaradan bu hadisə sonradan bizim qurur mənbəyimizə çevrildi.Hər gün aldığımız yaxşı xəbərlər bizi daha da ruhlandırırdı.Hər zaman ordumuzun bir gün tamamilə torpaqlarımızı azad edəcəyinə inanırdıq. Bu inam bizi güclü və səbrli olmağa səsləyirdi.
Bu həmrəylik sayəsində Azərbaycan xalqı , dünya azərbaycanlıları, soydaşlarımız tarixi torpaqlarımızın bizə qaytarılmasını uzun illərdi ki, gözləyirdi və hər kəs həmin tarixi gün üçün ordumuza, Ali Baş Komandanın siyasi iradəsinə güvənirdi. Elə bu güvənc də Qarabağdan Azərbaycanın qələbə xəbərini gətirdi. Bu xəbər hər kəsin illərdir içində onu sızladan yaralarına məlhəm oldu. Hər kəs sevincini bir-biri ilə bölüşdü, kimisi şəhərin küçələrində bayraq əlində gəzir ,kimisi sevincini “Qarabağ Azərbaycandır!” şüarı ilə bildirirdi.
Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da bir-birinə yaxınlaşdırdı. Azərbaycan hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə bir ölkədir. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayır və yaşayacaqdır.
Belə bir məğrur, igid, cəsur bir xalqın bir nümayəndəsi olmaq çox qürurverici bir hissdir. Millətindən, irsindən, irqindən asılı olmayaraq hər kəs Azərbaycanda rahatlıqla yaşaya, yerli xalqla dostluq münasibətləri qura bilər. 44 günlük müharibə zamanı bütün millətlər birlikdə vuruşdular. Bu da bunun bir daha bariz nümunəsidir. Azərbaycan xalqı hər zaman digər xalqların nümayəndələrinə hörmət etmiş, onların dəyərlərinə öz dəyərləri kimi baxmışdır. Bu xalq hər zaman igidliyi, cəsurluğu, mərdliyi ilə digər ölkələrə nümunədir.
Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkan, ölkədir. Bu, bizim böyük sərvətimizdir. Ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir.
Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları