Oktyabrın 4-də 236 saylı tam orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəşadət Hidayətov bildirib ki, dinin dövlətdən ayrı olmasını, eyni zamanda, sağlam dövlət və din münasibətlərinin formalaşdırılmasını, tolerantlığın, multikulturalizmin insanların həyat tərzinə, hətta adət-ənənəsinə çevrilməsini ehtiva edən bu modelin tətbiq edilməsi dini radikal və ekstremist dairələrin ölkəmizdə siyasi proseslərə müdaxilə imkanlarını tamamilə məhdudlaşdırır. Azərbaycan ənənəvi islam ölkəsidir və əhalisinin əksər hissəsi İslam dininə etiqad edir. Bununla yanaşı, ölkəmizdə qeyri-islam dininə sitayiş edən yüz minlərlə insan yaşayır. Əsrlərdir ki, ölkəmizdə dinlərarası münasibətlər sağlam əsaslarla formalaşıb və dini baxımdan heç bir qarşıdurma, toqquşma baş verməyib. Azərbaycanda dini inanc və etiqad azadlıqları qanunlarla, konstitusiya ilə təmin edilir, dövlət-din münasibətləri qüvvədə olan mövcud qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə tənzimlənir. Bu gün Azərbaycanı dünyada multikulturalizmin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzinə çevirən bu model çoxlu sayda dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanır və Azərbaycan modelinin öyrənilməsinə, yayılmasına, təbliğinə böyük maraq göstərilir: “Ölkəmiz nəinki öz milli sərhədlərinin hüdudları daxilində, bütövlükdə dünyada dinlərarası, millətlərarası əlaqələrin inkişafında fəal roy oynayır, öz töhfələrini verir”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Elgiz İmanlı qeyd edib ki, təhsilin bütün pillələrində və səviyyələrində təhsil alanlara -uşaqlara, yeniyetmələrə və gənclərə milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin, İslam dini və mədəniyyətinin düzgün olaraq daha mütərəqqi vasitələrlə öyrədilməlidir.
Elgiz İmanlının sözlərinə görə, dini dəyərlər əxlaqi, mənəvi dəyərlər sistemindən kənarlaşaraq siyasi ideologiya vasitəsinə çevriləndə və kütləvi surətdə dəstəklənən siyasi təşkilatlanma formasını aldıqda dini radikalizmin meydana çıxması qaçılmaz olur. Din və siyasətin birləşməsi, ilk növbədə dinin siyasi məqsədlər üçün istifadə edilməsinə səbəb olur. Lakin yaddan çıxarmamalıyıq ki, dinin əsas məqsədi insanların əxlaqi və mənəvi cəhətdən saflaşdırılması, tərbiyə edilməsidir və onun siyasi alətə çevrilməsinə qətiyyən yol vermək olmaz.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev də çıxış ediblər.
Sonra şagirdlərin sualları cavablandırılıb. Bütün tədbir iştirakçılarına sertifikatlar, “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” adlı kitabçalar paylanılıb.