Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinin vaxtı uzadılıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, proses 10 may saat 23.59–da bitəcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır.
Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks olunacaq.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.