Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 29 il əvvəl Kəlbəcər rayonunun Başlıbel kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.
Videomaterialda Başlıbel kənd sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb.
İnfoqrafikada isə Başlıbel kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası haqqında informasiya yerləşdirilib.
Qeyd edək ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Kəlbəcərin Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan şəxslər sığındıqları yerdə öldürülüb.
https://www.youtube.com/watch?v=J9YhAxwBCF4
Veteninfo.az