Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlətin konstitusion quruluşuna qarşı yönəlmiş ağır cinayətlərdə ittiham olunan İmamverdi Əhmədovun məhkəmə prosesi yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, məhkəmə iclası hakim Dadaş İmanovun sədrliyi ilə keçirilib və hökm elan olunub.
Hökmə əsasən, İmamverdi Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Əhmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 278.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddə – dövlətin konstitusiya quruluşunun və onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına və ya hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hazırlıq hərəkətlərinin dini düşmənçilik, radikalizm və fanatizm zəminində törədilməsini nəzərdə tutur.
İstintaq materiallarına görə, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən radikal dini əqidəli şəxsləri ətrafına toplayaraq ölkə ərazisində iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri təşkil etməyi və konstitusiya quruluşunu zorakı yollarla dəyişdirməyi planlaşdırıb. Hətta bu məqsədlə bəzi şəxslərə gizli şəkildə silahlı təlimlər də təşkil etdiyi müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində İ.Əhmədovun fəaliyyəti ifşa olunub və o, cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə İmamverdi Əhmədovun əməllərini dövlətə qarşı ciddi təhlükə kimi dəyərləndirərək, barəsində sərt hökm çıxarıb.Musavat.com