Bu gün dünyada ictimai-siyasi tarazlığın qorunmasında, təhlükəsizliyin təmin edilməsində beynəlxalq təşkilatların üzərinə böyük vəzifələr düşdüyünü müşahidə edirik. Beynəlxalq təşkilatların dünyada sürətlə dəyişməkdə olan sülh və sabitliyin möhkəmləndirilməsində, iqtisadi inkişafın dəstəklənməsində,ölkələr arasındakı beynəlxalq və siyasi münasibətlərin tənzimlənməsində oynadığı rollar danılmazdır. Bu kontekstdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) son illərdə siyasi arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi daha çox diqqət cəlb edir.
ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri təşkilatın bütün coğrafiyasında regional təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün terrorizm, separatizm və ekstremizmin səbəbləri, mənbələri və təzahürlərinin aradan qaldırılması qurumun fəaliyyətində prioritet kimi müəyyən edilib. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Aparılan dəyərləndirmələr göstərir ki, ŞƏT-in təkcə kəmiyyət zənginləşdirməsi ilə deyil, həm də yeni strateji sektorların kəşfi yolu ilə transformasiya və inkişaf üçün gözəl perspektivləri var. Bunlar nəqliyyat və əlaqə, enerji, ərzaq və ekoloji təhlükəsizlik, innovasiya, rəqəmsal transformasiya və “yaşıl iqtisadiyyat”dır. Yuxarıda qeyd edilənlər fonunda təəccüblü deyil ki, Azərbaycan ŞƏT-lə əməkdaşlığa böyük önəm verir.
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammit Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılamaqla öz işinə başladıb.
Sammitdə çıxış edən ölkə Prezidentimiz cənab İlham Əliyev bir neçə ay əvvəl Özbəkistana uğurlu dövlət səfərindən danışaraq yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunluğunu bildirmişdir. Özbəkistanın son illərdəki sürətli inkişaf və uğurlu islahatlar yolu keçməyini vurğulayan Prezidentimiz Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsindən, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilməsindən, Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkməyindən danışaraq həmkarlarına və sammit iştirakçılarına dəyərli məlumatlar çatdırmışdır. Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olması, Bakı gəmiqayırma zavodunun bütün növ gəmilər istehsal edə bilməsi və ölkəmizin 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malik olması Avropa və Asiyada Azərbaycanı mühüm ölkə kimi qəbul etdirir.
“2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq” – deyən dövlət başçısı cənab İlham Əliyev Azərbaycan və Ermənistan münasibətlərindən danışaraq Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini vurğulayib.
Bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribatın törədilməsi, Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə alması iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bütün bunlara baxmayaq Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edərək dünyanın siyasi mənzərasində və strateji xəritəsində öz sarsılmaz yerini və tutduğu mühüm mövqeyi qoruyacaqdır.
Firəngiz Məlikbəyli
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi