Azərbaycan Prezidentinin “1941–1945-ci illərdə İkinci dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı dövlətimizin sosial yönümlü siyasətinin daha bir nümunəsi kimi qiymətləndirilə bilər.
Vətəninfo.az xəbər verir ki.bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib.
O, bildirib ki, Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Əsas məqsəd vətəndaşların daha yaxşı yaşamasının təmin edilməsinə nail olmaqdır.
S.Məmmədov Sərəncamın 4500-ə yaxın şəxsi əhatə edəcəyini xatırladaraq qeyd edib ki, 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan bu məqsədlə 3,5 milyon manat ayrılıb: “Bu sərəncamın əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan dövlətinin öz tarixinə nə qədər hörmətlə yanaşdığını nümayiş etdirir. İkinci dünya müharibəsində yüzminlərlə azərbaycanlı həlak olub. Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan həm iqtisadi imkanları, təbii sərvətləri ilə, həm də insan resursları ilə çox mühüm rol oynayıb. Bu, bizim tariximizin mühüm bir hissəsidir. Bu baxımdan, hesab edirəm ki, ikinci dünya müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğı, mahiyyət etibarilə həm də bizim öz tariximizə ehtiramımızın ifadəsidir”.
Deputat vurğulayıb ki, son illərdə sosial sahədə aparılan çoxsaylı islahatlar sosial xidmətlərin şəffaflığının və əlçatanlığının təmin olunmasına istiqamətlənib: “Eyni zamanda, əhalinin sosial müdafiəsinin daha effektiv mexanizmlərinin yaradılması istiqamətində vacib tədbirlər həyata keçirilib. Müxtəlif kateqoriyalardan olan vətəndaşların sosial durumunun yaxşılaşdırılması məqsədinə xidmət edən qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb. Bütün bunlar vətəndaşların sosial rifahına xidmət etməklə yanaşı, cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın dərinləşməsinə xidmət edir. Düşünürəm ki, atılan hər bir addımın arxasında vətəndaşların mənafeləri dayanır”.