image-qqqbackend

Fərrux Zəfəri – uğur salnaməsinin növbəti təntənəsi

image-reklam_sirab_01

BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların otuz ilə yaxın müddət ərzində yerinə yetirə bilmədikləri və ya etmək istəmədikləri qərarların icrasını Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində gerçəkləşdirməyə müvəffəq oldu. Azərbaycan ordusu bu uzun illər ərzində davam edən xalqımızın vətən həsrətinə son qoyaraq ədaləti bərpa etdi, 44 günlük kiçik dövrə böyük və tarixi Qələbəni sığdırmağı bacardı. Düşmən layiq olduğu cavabı aldı. Müzəffər Azərbaycan ordusunun gücü qarşısında aciz duruma düşən düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. Tarixi torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz təmin edildi. Qalib ordumuz əcdadlarımızdan bizə miras qalan şanlı üçrəngli Azərbaycan bayrağını azad vətən torpaqlarında dalğalandırdı.

Qələbəmizin başlıca uğur simvolları, sirri isə Prezident, Ali Baş Komandan İlham Əliyevin iqtisadi, siyasi və hərbi sahədə həyata keçirdiyi müdrik siyasət, yaxın və uzaq dövrü əhatə edən düzgün strateji xətt, eyni zamanda milli birlik, dövlət-xalq həmrəyliyi və ordumuzun ruh yüksəkliyi oldu.

Qələbədən il yarım müddət keçməsinə rəğmən, təəssüflər olsun ki, Erməni tərəfi hələ də qeyri konstruktiv mövqe sərgiləyərək, regionda uzunmüddətli, qalıcı sülhün və sabitliyin bərqərar olmasına süni maneələr yaradır, 10 noyabr 2020-ci il tarixdə imzalanmış münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında Üçtərəfli Bəyanatın, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 11 yanvar 2021-ci il tarixli Üçtərəfli Bəyanatın, həmçinin tərəflər arasında münasibətlərin normallaşdırılması, etimad mühitinin formalaşdırılması, habelə regionda qonşuluq münasibətlərinin bərqərar olunması haqqında 26 noyabr 2021-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən yayınır. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təhdid edəcək təhlükəli bəyanatlar verərək revanşist mövqedən çıxış edir. Halbuki bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının qeyd-şərtsiz icra olunması olduqca zəruridir.

Təəssüflər olsun ki, biz hələ də atılması zəruri olan addımların əksini müşahidə etməkdəyik. Belə ki, Rusiya Sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərdən ordumuzun mövqeləri mütəmadi olaraq regiondan hələ də çıxarılmamış qanunsuz erməni silahlı birləşmələri tərəfindən atəşə tutulur. Bu isə Azərbaycan tərəfinə tam qanuni əsas verir ki, öz suverenliyi və təhlükəsizliyi naminə imzalanmış məlum Üçtərəfli Bəyanatların tələblərinə uyğun şəkildə davranaraq, bir zamanlar dünya birliyinin işğal faktlarına susqun və məsuliyyətsiz yanaşmasına qarşı sərgilədiyi ədalətli mövqeyi, revanşist qüvvələrə qarşı da tətbiq etsin və bölgədə Erməni faşizminin yenidən canlanmasını önləsin.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə vurğuladığı kimi: “Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir – həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.”

Bu gün hələ də erməni tərəfi anlamaqda çətinlik çəkir ki, revanşist meyillərlə yaşamaq erməni toplumunu, ümumilikdə isə Ermənistanı məhvə sürükləyir. Ölkənin inkişafı və xalqın rifahı yalnız qonşu ölkələrə qarşı saxta ərazi iddialarından əl çəkmək, ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi prinsiplərə hörmətlə yanaşmaqla mümkündür. Yalnız bu yolla regionda sülh və əminamanlıq şəraiti yarana bilər ki, bu da ilk növbədə hazırda ağır iqtisadi tənəzzül dövrünü yaşayan, öz aqressiyası səbəbindən bütün regional və beynəlxalq layihələrdən təcrid olunan Ermənistan üçün faydalıdır. Əks təqdirdə uduzan tərəf yenə də Ermənistan və onun uğursuz rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ağır həyat tərzi yaşayan erməni xalqı olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə bəyan etdiyi kimi: “Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək. …. Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, bizim yumruğumuzu görəcək. Bizim yumruğumuz yerindədir”.

Son zamanlar Qarabağ iqtisadi zonasına aid Xocalı rayonu ərazisində baş verən hadisələr fonunda yenidən revanşist qüvvələrin fəallığının və onların havadarlarının ikili, riyakar münasibətinin şahidi olduq.

Ölkəmiz öz suveren hüquqlarından istifadə edərək beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. Bu tədbirlər mövsümi dəyişiklikləri və reallıqları nəzərə alaraq əlverişsiz mövqeləri daha əlverişli mövqelərlə əvəzlənməsi zərurətindən irəli gəlir.

Lakin erməni tərəfi hər zaman olduğu kimi öz ənənəsinə sadiq qalaraq, süni şəkildə mövcud vəziyyəti şişirdərək gərgin vəziyyət yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltmək məqsədi ilə, martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edərək qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribata cəhd göstərdi. Lakin Azərbaycan ordusunun ayıq-sayıqlığı və həyata keçirdiyi qabaqlayıcı tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri xeyli itki verərək geri çəkilməyə məcbur edildi.

Ölkəmizi, onun beynəlxalq imicini ləkələmək məqsədilə səsləndirilən bütün yalan və məsuliyyətsiz bəyanatlara rəğmən Azərbaycan tərəfi hər zaman 2020-ci il 10 noyabr tarixdə imzalanmış üçtərəfli bəyanata sadiqliyini nümayiş etdirmiş, onun heç bir müddəasını pozmamışdır. Lakin ölkəmizdən fərqli olaraq erməni tərəfi məlum bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının, qeyri-qanuni erməni silahlı dəstələrinin tərksilah edilməklə Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını bu günədək hələ də icra etməmişdir. Bu baxımdan bəyanatın müddəalarını kobud surətdə pozan tərəf Azərbaycan deyil, məhz Ermənistandır.

Yaddaş üçün qeyd edək ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndində deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Lakin əfsuslar olsun ki, bu bəndin tələbləri hələ də yerinə yetirilməmiş şəkildə kağız üzərində qalmaqdadır.

Bütün bunlara rəğmən qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ləngidilərsə, ölkəmiz gələcəkdə bu səbəbdən yarana biləcək hər hansısa təxribatlara beynəlxalq hüququn tələb etdiyi normalar çərçivəsində əməli tədbirlər görmək hüququnu özündə saxlayır. Əlbəttdə ki, Azərbaycanın səbri tükənməz deyildir və kimlərsə onu sınamağa cəhd göstərməyə çalışmamalıdır. Bu məsələ ölkəmizin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi baxımından olduqca önəmlidir.

Bu gün dünya birliyi tərəfindən Ukraynada separatizmlə mübarizə, ərazi bütövlüyünün təmin edilməsi kimi fundamental dövlətçilik dəyərləri ilə bağlı sərgilənən aydın və prinsipial mövqe nədənsə Azərbaycana münasibətdə etinasız, hətta ədalətsiz mövqe ilə əvəzlənir. Məkan fərqli, səbəb, nəticə və reallıq bənzər olsa da, münasibət eynilik təşkil etmir. Bu ayrıseçici yanaşmaları biz hələ I və II Qarabağ müharibələri dövrlərində də yaşamışdıq. Hətta Azərbaycanın haqq savaşı – II Qarabağ – Vətən Müharibəsi zamanı qərb mətbuatı tərəfindən ordumuzun işğalçılara qarşı tətbiq etdiyi “Bayraktar TB2” Taktik PUA Sistemlərinin “Qatil Bayraktar” kimi adlandırıldığı halda Rusiya-Ukrayna müharibəsində bunun əksini – “Xilaskar Bayraktar” kimi təqdim olunduğunun şahidi olduq. Görünən odur ki, dünyada təəssüf ki, hələ də ikili yanaşmalar hökm sürür, hələ də ölkəmizin güclənməsini, inkişafını istəməyən, onun bütövlüyünü, suverenliyini qəbul edə bilməyən İslamofob, Azərbaycanofob, Türkofob kimi məkrli qüvvələr vardır.

Onu da qeyd etmək lazımdır ki, Üçtərəfli Bəyanatın 7-ci bəndinin icrası da ləngidilməkdədir. Belə ki, Bəyanatın 7-ci bəndində deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Lakin Bəyanatın bu bəndinin də birtərəfli qaydada həyata keçirildiyinin şahidi oluruq. Belə ki, erməni tərəfindən fərqli olaraq, Xankəndindən, Xocalıdan və digər şəhər və kəndlərimizdən didərgin düşən məcburi köçkünlərimiz hələ də öz doğma yurd-yuvalarına həsrət qalmaqdadırlar.

Lakin bütün bu çatışmazlıqlar və həlli vacib məqamlara qarşı etinasız yanaşmalar fonunda Rusiya Müdafiə Nazirliyinin ittiham xarakterli son bəyanatları ölkəmiz tərəfindən təəssüf doğurmaya bilməzdi. Bu məqsədlə Azərbaycan tərəfi həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi səviyyəsində öz haqlı mövqeyini ortaya qoyaraq, ölkəmizin ayrılmaz tərkib hissəsi olan və hazırda müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazi vahidlərinin adlarının düzgün şəkildə qeyd edilməməsini, bu cür yanlış yanaşmanın Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qəbul edildiyini qarşı tərəfin diqqətinə çatdırmışdır.

Həmiçinin erməni silahlı qüvələrinin qalıqlarının ərazilərimizdən tam çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi tələb etmişdir.

Yalan və ictimaiyyəti çaşdıran Ermənistan tərəfinin və Rusiya Müdafiə Nazirliyinin təxribatçı bəyanatlarına cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi səviyyələrində həqiqətə, qanuni əsaslara söykənən bəyanatlar, dolğun və tutarlı cavablar olduqca düzgün və haqlı yanaşma, müdrik davranış kimi qəbul edilməlidir.

2021-ci ilin aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində vurğuladığı kimi: “Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. …Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib”.

Həmçinin 2021-ci ilin oktyabrın 11-də Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında vurğuladığı kimi: “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Onu da qeyd etmək lazımdır ki, bu cür yanaşma eyni zamanda Azərbaycanla Rusiya arasında cari ilin 22 fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəaları ilə də ziddiyyət təşkil edir.

Belə ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Xüsusilə onu da nəzərə alaq ki, hələ Bəyannamənin imzalandığı gün, yəni fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəndi xüsusi vurğulayaraq demişdir: “Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Lakin çox təəssüflər olsun ki, bu sahədə də əməli tədbirlərin şahidi olmuruq. Terrorçubaşı Araik Arutyunyan və onun başçılıq etdiyi quldur dəstəsi Sülhməramlıların kölgəsi altında öz çirkin əməllərini törətməkdə davam edirlər.

Bütün bunları nəzərə alaraq əminliklə vurğulaya bilərik ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlum açıqlamaları ikitərəfli əlaqələrin mahiyyətinə xələl gətirmək, kölgə salmaqla yanaşı, eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin tərəfindən atılmış imzaya da hörmətsizlik nümayiş etdirir.

Tarixə nəzər saldıqda görərik ki, Xocalı rayonu ərazisindəki Fərrux kəndi və eyniadlı dağın strateji əhəmiyyəti hələ keçən əsrin əvvəllərində 1918-1920-ci illərdə müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlara da daxil idi. Bəlkə də tarixi zərurətdən idi ki, həmin dövr də məhz indiki kimi soyuq mart ayının sonlarına təsadüf etmişdi. Belə ki, 1920-ci ilin martın 26-da Ağdama gəlmiş Milli Ordumuzun general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq həmin istiqamətdəki yüksəkliklərin, o cümlədən Fərrux dağının düşməndən azad edilməsi üçün əməliyyat planı hazırlamışdı.

Tarixi mənbələrdə bu haqda belə yazılır: “Bu məntəqə (Əsgəran) hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının da üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Pirlər kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi azad edildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar…”.

Növbəti uğurlu hərbi əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da, çox təəssüflər olsun ki, bolşevik Rusiyasının ölkəmizi işğal etməsi nəticəsində Milli Ordumuzun Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla yanaşı, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi də ermənilərin nəzarətinə keçdi…

Müstəqilliyini ikinci dəfə əldə etmiş ölkəmiz I Qarabağ savaşı zamanı da bu ərazilərdə qızğın döyüşlərə məruz qaldı.

Rusiyanın Xankəndindəki 366-cı alayının dəstəyi ilə separatçı erməni birləşmələri Pirlər, Aranzəmin, Xanabad, Naxçıvanlı və s. kəndlər kimi Fərrux kəndindəki mövqelərindən də Ağdam rayonunun kəndlərini daim atəş altında saxlayırdılar.

Həmin kəndin azad edilməsi uğrunda ilk uğurlu əməliyyat isə 1992-ci ilin yanvarında əfsanəvi alay komandiri, şəhid Milli Qəhrəman, polkovnik Şirin Mirzəyev tərəfindən təşkil edilmişdi. Milli Qəhraman ərazinin strateji əhəmiyyətini yüksək dəyərləndirərək, deyərdi: “Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək”.

Lakin çox təəssüflər olsun ki, həmin dövrdə ölkədə tuğyan edən özbaşınalıq və hərcmərclik halları, döyüş zonalarında başıpozuqluq, nizamsızlıq mühiti uğursuz döyüş əməliyyatlarına rəvac verdi ki, bu da nəticə etibarilə digər ərzilərimiz kimi Fərrux kəndi və yüksəkliyinin də işğalı ilə sonuçlandı.

Bu baxımdan mühüm hərbi strateji mövqeyə malik Fərrux dağı, Daşbaşı zirvəsinin işğalçılardan azad edilməsi ölkəmizin uğur salnaməsinin növbəti təntənəsidir.

Coğrafi cəhətdən dəniz səviyyəsindən 3200 metr yüksəkliyə malik Fərrux dağı Ağdam rayonu ilə keçmiş Əsgərən rayonu istiqamətində (Xankəndi istiqamətində) yerləşən silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri Ballı Qayaya, oradan isə Vəngə qədər uzanır. Xaçınçayın yatağı da bu dağın ətəyi ilə axır.

Bu mənada Əsgərandan 16 km, Xankəndidən 32 km aralıda yerləşən Fərrux dağındakı yüksəkliklər, Daşbaşı zirvəsi ordumuza Ağdərə-Xankəndi yoluna, həmçinin Xocalı-Xankəndi yoluna, bütövlükdə isə Əsgəran, Xanabad və Xocalıya tam nəzarəti həyata keçirməyə böyük imkanlar yaradır. Öz yerləşdiyi ərazidən əlavə geniş ərazilərə də vizual müşahidə etmə üstünlüyü tanıyır. Bu baxımdan Daşbaşı yüksəkliyindəki mövqelər böyük hərbi strateji əməliyyat-taktiki əhəmiyyət kəsb edir. Bu isə ərazidə qalmış erməni silahlı birləşmələrinin tör-töküntülərinin fəaliyyətinə nəzarəti təmin etməyə və onların neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə yardımçı olur.

Eyni zamanda Fərrux dağının azad olunması Bərdə, Tərtər, Ağdam rayonlarının, xüsusilə yaxın məsafədə yerləşən Ağdamın Cinli və bir neçə digər kəndinin təhlükəsizliyini tam təmin etmiş olur ki, bu da həmin ərazilərə qayıdacaq məcburi köçkünlərin tam təhlükəsiz yaşaması üçün olduqca əhəmiyyətlidir.

Beləliklə, bir zamanlar ermənilərin Fərruxun alınmaz qala olduğu haqqında yaratdıqları mif Azərbaycan əskərinin önündə sabun köpüyü kimi dağıldı. Xocalı qatili Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndi bu gün Qalib Azərbaycan Ordusunun nəzarəti altındadır.

Bütöv bu dövrə – 102 illik mübarizə tariximizə nəzər saldıqda qürür və heyrətlə görürük ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azərbaycan ordusu öz suveren ərazilərində zor tətbiq etmədən, itki vermədən, sadəcə, hərbi dislokasiyasını həyata keçirməklə Fərrux əməliyyatını uğurla icra etdi. Bu gün Fərrux kəndində və Daşbaşı zirvəsində ölkəmizin üçrəngli bayrağı qürurla dalğalanır.

İnanırıq ki, tezliklə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zərgər Dəqiqliyi ilə işlənmiş uzaqgörən siyasəti sayəsində Fərrux kəndi və yüksəkliyi kimi, digər ərazilərimiz də qanunsuz erməni birləşmələrindən tam təmizlənəcək, həmin ərazilərdə ölkəmizin suveren hüquqları bərpa edilməklə, üçrəngli şanlı bayrağımız dalğalanacaqdır.

Fərrux dağı, Daşbaşı zirvəsi kimi yüksək dağlıq və sərt iqlim şəraitində ayıq-sayıq döyüş növbətçiliyi aparan Azərbaycan əskərinə eşq olsun!

Fərrux Azərbaycandır!

Qarabağ Azərbaycandır!

 

 Coşqun MƏMMƏDOV

 AMEA Rəyasət Heyəti,

vitse-prezidentin xidmətində

Elmi katibi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki