“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev ilə təşkilatın İİV-in profilaktikası istiqamətində apardığı işin barədə Vətəninfo.az müsahibəsi
Əvvəlcə təşkilatınız haqqında qısa məlumat verərdiniz. “Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi nə vaxt yaradılıb və fəaliyyətinin əsas istiqamətləri hansılardır?
–“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi 2007-ci ildə yaradılıb. Təşkilatımız yarandığı ilk illərdən etibarən müxtəlif sosial və maarifləndirici istiqamətlərdə fəaliyyət göstərib. 2009-cu ildən isə əsas fəaliyyət istiqamətlərimizdən biri kişilər arasında İİV/QİÇS və digər cinsi yolla ötürülən infeksiyalar profilaktikası olub. Artıq 17 ildən çoxdur ki, biz kişilər arasında İİV-in profilaktikası, təhlükəsiz davranışın təşviqi, maarifləndirmə, test xidmətlərinə yönləndirmə və tibbi xidmətlərə çıxışın təmin edilməsi istiqamətində davamlı fəaliyyət göstəririk. İşimizin əsas məqsədi insanların İİV və digər cinsi yolla ötürülən infeksiyalar barədə düzgün və əlçatan məlumat əldə etməsinə, risklərin azaldılmasına və vaxtında tibbi xidmətlərə müraciət etməsinə kömək etməkdir.
Təşkilatınız hansı xidmətləri təqdim edir?
– Bizim fəaliyyətimiz kifayət qədər genişdir. Kişilər arasında İİV-in profilaktikası məqsədilə pulsuz qoruyucular və lubrikantlar paylayırıq, təhlükəsiz cinsi davranış barədə fərdi və qrup şəklində maarifləndirmə aparırıq. Bundan əlavə, təşkilatımızda və layihə çərçivəsində fəaliyyət göstərən mobil laboratoriyalarda pulsuz və anonim İİV və digər cinsi yolla ötürülən infeksiyalar testlərinə çıxış imkanları yaradılır. İİV testi nəticəsində infeksiya müəyyən edilən şəxslərin tibbi xidmətlərdən kənarda qalmaması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Belə şəxslərə Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və digər müvafiq tibb müəssisələrinə müraciət zamanı müşayiət və dəstək göstəririk. Onların tibbi qeydiyyata alınmasına və müvafiq terapiyanın əldə edilməsinə yönləndirilməsinə kömək edirik. Eyni zamanda təşkilatımızda psixoloq və endokrinoloq xidmətləri də təqdim olunur. Xüsusilə hormonal disfunksiyalar və gender sağlamlığı ilə bağlı tibbi ehtiyacları olan kişilər endokrinoloqun xidmətindən yararlana bilirlər. Psixoloji konsultasiyalar isə müraciət edən şəxslər arasında kifayət qədər tələb olunan xidmətlərdəndir.
Bu xidmətlər yalnız Bakıda göstərilir?
– Xeyr. Təşkilatımız Bakı, Sumqayıt və Gəncə şəhərlərində, həmçinin ölkənin regionunlarda fəaliyyət göstərir. Bu, bizim üçün çox vacibdir, çünki İİV profilaktikası yalnız paytaxtla məhdudlaşmamalıdır. Regionlarda aoutreach işçilərimiz fəaliyyət göstərir, profilaktik vasitələr paylanılır, maarifləndirmə aparılır və mobil laboratoriyaların imkanlarından istifadə etməklə test xidmətlərinə çıxış təmin edilir. Hazırda təşkilatımız il ərzində təxminən 18 000–19 000 nəfəri müxtəlif xidmətlərlə əhatə edir.


























