image-8d71e528-4320-4082-901a-d53902138a85backend

Hacı Zeynalabdin Tağıyev – Şərq aləminin ilk mesenatı

image-reklam_sirab_01

Xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət, başqasının halına yanmaq, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olmuş və bu gün də olmaqdadır. Böyük mesenatHacı Zeynalabdin Tağıyevin misilsiz əməlləri xalqımızın xatirəsinə əbədi həkk edilib. Bu böyük insan ömür boyu yorulmadan Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmişdi.

Çox kasıb ailədə böyümüş Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilib. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi olan Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, Bakı və Sumqayıtı təmiz içməli su ilə təmin edir.  Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilib, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılıb. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyev olub.

Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə yüzlərlə azərbaycanlı gənc Rusiya və Avropaya təhsil almağa göndərilmişdi. Onlar arasında Azərbaycanın inkişaşında böyük əməkləri olan bir sıra tanınmış dövlət xadimləri, ziyalılarolmuşdur.

Hacı Zeynalabdin Tağıyev Azərbaycanda təhsilə, o cümlədən qızların təhsilinə çox böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü və maliyyəsi ilə 1898-1901-ci illərdə Bakıda ilk qızlar məktəbi açılıb.

Yanvarın 18-də böyük xeyriyyəçinin Bakıda ucaldılan abidəsinin açılışı baş tutdu. Açılışda iştirak edən Prezident İlham Əliyev qeyd etdi ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır.

“Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”.

Ölkə başçısının vurğuladığı kimi, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Çünki xeyriyyəçilik hər zaman Azərbaycan xalqına məxsus olan cəhətdir.

Heykəlin açılışı məhz 2022-ci ilin əvvəlinə təsadüf etməsi bütün xalqımız, dövlətimiz üçün uğurlu və xeyirli bir başlangıc rəmzi kimi görünür.

Mənim üçün bu ikiqat sevincdir. Birinci olaraq uzun illər çalışdığım təhsil ocağı, dövründə “Müqəddəs Nina” Qızlar Gimnaziyası adlanan binanın qurucusu məhz Hacı Zeynalabdin Tağıyevolmuşdur.

Digər bir halda qeyd etmək istərdim ki, Hacı Zeynalabdin Tağıyevin böyük kürəkəni Azərbaycanın ilk kimyaçı alimi Mövsümbəy Xanlarov olmuşdur.  Bildiyiniz kimi məndə bu nəslin nümayəndəsiyəm.

Sara Xanlarova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki