image-bez-nazvaniya-2backend

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır” – Heydər Əliyev

image-reklam_sirab_01

Bu gün hər kəsə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyev

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində öz intellekti və  fəallığı ilə seçilir. Respublikada bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənc nəslin inkişafı  üçün yaradılan geniş imkanlar onları hal-hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevirib. Ötən əsrlə müqayisədə gənclərimizin beynəlxalq aləmə inteqrasiyasında nəzərəçarpan  dönüş yaranıb. Əlbəttə, bu inkişaf dövlətimizin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Bizlər Azərbaycanın gənc nəsilləriyik. Biz nə qədər örnək və savadlı olsaq ölkəmiz də bir o qədər irəlidə olar.

Gənc və gələcək sözləri həm deyilişdə, həm mahiyyət etibarilə bir-birinə o qədər yaxın ifadələrdir ki, zamanın iti axarı, məkanın virtual ölçüsü bu adlar qoşa çəkiləndə gerçək görünür. “Gənc” anlayışı həyatın bütün sahələrində – elmdə, təhsildə, mədəniyyətdə atılan ilk addım, başlanğıc kimi qəbul olunur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Hamımızın ana Vətəni olan Azərbaycan üçün çalışmağımızın bir məqsədi var: ölkəmiz güclü olsun! Sevinirəm ki, bu məqsəd üçün ölkəmizdə kifayət qədər güclü gənclik potensialı var. Onlar ölkəmizin gələcək hədəfləri haqqında düşünür, çalışır və yarışırlar.  “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Azərbaycan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu inkişafın, tərəqqinin təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Hər bir tarixi gün keçilən yola  bir baxış keçirməyi  zərurət kimi ortaya qoyur. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də  gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları,  cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən  həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur.

Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.  Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Azərbaycan gənclər ölkəsidir. Bir əsas məqamı da qeyd etməliyik ki,  gənclər ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da  böyük çoxluq təşkil edirlər. 700 minə yaxın  üzvü olan   partiyanın üzvlərinin 40 faizi gənclərdir.

Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər;

Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bütün dövlət təşkilatlarına tövsiyə olunur ki, könüllüləri cəlb etsinlər. Könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçməlidir.  Bəli bu fakt danılmazdır. Çünki bizlər çalışmaq üçün ilk öncə təcrübə keçməliyik.  Özəl sektor da gəncləri işə cəlb etməlidir ki, gənclər həm təcrübə keçsinlər, həm də onlarda hazırlıq prosesi sürətlə getsin.

Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli, o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.
Özünü gənc hesab edən hər kəsi təbrik edirəm.

Ümumiyyətlə, gənclərimizin hər sahədə uğurları diqqət çəkəndir. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldıran gənclərimiz bir daha təsdiqləyirlər ki, Azərbaycan kimi qüdrətli, zəngin ölkənin vətəndaşı olmaqdan qürur duyur, birliyimiz, həmrəyliyimiz  sarsılmazdır.

Hazırladı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Lalə Yolçiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image