Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.
Bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsədə nail olunmalıdır:
- Dayanıqlı məskunlaşma;
- İqtisadi fəaliyyətə reinteqrasiya.
Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.
İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir.
Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
Əfsanə Allahverdiyeva
Nəsimi rayon sakini