İranın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi “SƏS” Media Qrupunda olub. SİA xəbər verir ki, səfir Seyid Abbas Musəvi və “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev keçirilən görüşdə Azərbaycan və İran dövlətləri arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında medianın rolu mövzusunda müzakirələr aparıblar. Əvvəlcə B.Quliyev media sahəsində mövcud problemlərin aradan qaldırılması və qarşıda duran perspektivlər barədə məlumatlar verərək, onların həlli istiqamətində təkliflər irəli sürüb.
Görüş zamanı səfir bildirib ki, media bütün dünyada əhəmiyyətli rola malikdir: “Hər iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün media sahəsinə böyük önəm verilir. Sizin kimi təcrübəli və bilikli bir şəxsin iştirakı ilə biz bu sahədə əmədaşlığı genişləndirə bilərik. Bu ilki proqramımızda media ilə bağlı bir sıra layihələrimiz nəzərdə tutulub. İki ölkənin mediasına nəzarət edən qurumlar arasında əməkdaşlıq haqqında sənəd hazırlanır. Bu sənədin yaxın zamanlarda imzalanması gözlənilir. Biz bayaq iki ölkənin mədəniyyəti, tarixi və s. digər sahələrdəki yaxınlıqları barədə danışdıq. Bunları nəzərə alaraq qeyd etmək istərdim ki, biz əməkdaşlığımızı çoxşaxəli bir formada genişləndirməliyik. Bizim medialarımız yüksək səviyyədə əlaqələr qurmalıdır ki, düşmənlərimiz bundan sui istifadə etməsinlər. Biz bu il üçün bir neçə mediatur nəzərdə tutmuşuq. Birinci mediatur Xarici İşlər Nazirliynin nəzdində Azərbaycandan İrana baş tutacaq. “SƏS” Media Qrupundan gözləntilərimiz olduqca yüksəkdir. Düşünürəm ki, bizim əlaqələrimiz hər zaman müsbət yönümdə inkişaf edəcək və hər iki dövlətin mühüm xəbərləri doğru şəkildə ictimaiyyətə çatdırılacaq. Ramazan ayından sonra hər iki dövlətə rəsmi səfərlər nəzərdə tutulur. Bu səfərlər barədə məlumatları ilkin olaraq “SƏS” Media Qrupuna bildirəciyik”.
Daha sonra “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, qarşılıqlı əlaqələr, mətbuatın inkişafı təkcə dövlət tərəfindən deyil, həmçinin ictimai institutlar tərəfindən də həyata keçirilməlidir: “Ortaq tarixi, mədəniyyəti, qohumluğu olan iki xalqı bir-birinə vurmaq istəyən yalnız düşmən ola bilər. Azərbaycan-İran münasibətlərinin yüksələn xəttlə inkişaf etməsi düşmənə sərf etmir. Fikrimcə, regionda Azərbaycan, İran və Türkiyə dövlətləri birgə hərəkət etməlidir. Bu gün artıq İran və Azərbaycan dövlət rəhbərləri yeni mərhələyə qədəm qoyaraq, yeni layihələrin ərsəyə gəlməsi üçün müəyyən addımlar atırlar. Həmçinin iqtisadi əlaqələrimiz də genişləndirilir, Zəngəzur dəhlizində də birgə əməkdaşlıq nəzərdə tutulur. Biz çalışamlıyıq ki, iki dövlət arasındakı münasibətlər dostluq, qardaşlıq, mehriban qonşuluq müstəvisində inkişaf etdirilisin”.
Sonda İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “SƏS” Media Qrupunun redaksiyası ilə tanış olaraq, jurnalistlərlə xatirə şəkilləri çəkdiriblər.