image-reklam-veteninfo
image-1backend

İşsizlər işsiz olduğunu sübut edə bilmir – Bu il 61 min nəfər bu statusu alıb, amma…

image-reklam-veteninfo

Azərbaycanda 2025-ci ilin 1 noyabr tarixinə rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı təxminən 278,9 min nəfər olub. Bir ay əvvəl isə bu göstərici 236,400 nəfər təşkil edib, yəni 42 min nəfər artıb. Bu ilin əvvəlinin rəqəmlərinə baxsaq, 217,200 nəfər göstərilib. Rəsmi statistikada 61,700 nəfər artım var.

Onu da xatırladaq ki, Azərbaycanda muzdla işləyən vətəndaşların statistikası da demək olar ki, dəyişmir. Hazırda ölkədə 5,3 milyon nəfərə yaxın əmək qabiliyyətli əhalinin 1 milyon 770 min nəfəri muzdla çalışır. 3,6 milyon nəfər özəl sektordadır, onun əhəmiyyətli hissəsinin daimi işi və gəliri yoxdur.

Müvafiq qanuna görə, ölkədə əmək qabiliyyətli, lakin iş tapa bilməyən və iş axtaran şəxs işsiz sayılır. Şəxs həmçinin əmək müqaviləsi olmayan, yəni hazırda rəsmi işləməyən olmalıdır. Təqaüdçülər, tələbələr (tam gün təhsil alanlar) və müəyyən sosial yardımlarla təmin olunan şəxslər işsiz kimi qeydiyyata alınmır.

İşsiz kimi qeydiyyatdan keçmək üçün bu sənədlər tələb olunur:

– Şəxsiyyət vəsiqəsi (və ya pasport), təhsil sənədləri (diplom, attestat və s.).

– Əmək fəaliyyətini təsdiq edən sənəd (əgər əvvəllər işləyibsə, əmək kitabçası və ya elektron məlumat), şəxsi məlumatların verilməsi – ailə vəziyyəti, yaşayış yeri, ixtisas və s.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri və ya elektron portal (e-gov.az) vasitəsilə qeydiyyat mümkündür. Fiziki müraciət zamanı mərkəz əməkdaşları sənədləri qəbul edir, müraciət forması doldurulur və işsiz statusu təsdiqlənir.

İşsizlik müavinəti aylıq minimum əmək haqqının (MAA) müəyyən faizi olaraq hesablanır. Hal-hazırda bu, təxminən 150–250 manat aralığındadır (dəqiq məbləğ işsiz şəxsin əvvəlki əmək haqqı və sosial statusundan asılıdır). İşsizlik müavinəti rəsmi işsiz statusunun təsdiq olunduğu gündən etibarən 6 aya qədər ödənilir. Müavinət müddəti ərzində şəxs işə qəbul olmaq, kurs və təlimlərdə iştirak etmək öhdəliyinə malikdir. İşsiz şəxs rəsmi şəkildə məşğulluq mərkəzinə qeydiyyatdan keçməlidir və müavinət almaq üçün iş axtardığını sübut etməlidir (məşğulluq mərkəzi vasitəsilə vakansiyalara baxmaq, intervyularda iştirak və s.). Bundan başqa, işsiz şəxs bu müddət ərzində başqa gəlir mənbəyindən qazanc əldə etməməlidir.

Əgər işsiz şəxs iş taparsa, müavinət ödənişi dayandırılır.

Qeyd edək ki, təcrübədə işsiz statusu almaq olduqca çətindir. Bu sahəyə məsul olan şəxslər müxtəlif bəhanələrlə vətəndaşlara bu statusu vermək istəmirlər.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki