image-reklam-veteninfo
image-1backend

Kondisionersiz evi necə sərin saxlamaq olar? İspaniyada tətbiq olunan sadə üsul diqqət çəkir

image-reklam-veteninfo

Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə bir çox insan kondisionerdən istifadə etmədən evini sərin saxlamağın yollarını axtarır. İspaniyada isə illərdir tətbiq olunan sadə və əlavə xərc tələb etməyən üsul ən isti günlərdə belə effektiv hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, bu metodun əsas prinsipi gün ərzində istiliyin mənzilə daxil olmasının qarşısını almaqdır. İspaniyada yay aylarında temperaturun bəzi bölgələrdə 45 dərəcəyə qədər yüksəlməsinə baxmayaraq, sakinlər “tam qaralma” üsulundan geniş istifadə edirlər.

Bu üsula əsasən, səhər saat 08:00–09:00 radələrində, çöldə hava hələ sərin olarkən bütün pəncərələr açılaraq mənzil yaxşıca havalandırılır. Günəş şüalarının güclənməyə başladığı, adətən saat 11:00-dan gec olmayaraq isə pəncərələr bağlanır, xarici jalüz və ya pərdələr endirilir. Beləliklə, günəş işığı və isti hava otağa daxil olmur, səhər saatlarında toplanan sərin hava isə daha uzun müddət saxlanılır.

Bununla yanaşı, isti havalarda istifadə edilə biləcək digər sadə üsullar da tövsiyə olunur. Belə ki, ventilyatorun qarşısına buz paketi və ya içərisində buz olan qab yerləşdirmək otaqda dövr edən havanın daha sərin hiss olunmasına kömək edə bilər.

Digər üsullardan biri isə açıq pəncərənin qarşısına yaş çarşaf asmaqdır. Suyun buxarlanması nəticəsində otağa daxil olan havanın temperaturu müəyyən qədər aşağı düşə bilər.

Mütəxəssislər bildirirlər ki, bu üsullar kondisioneri tam əvəz etməsə də, düzgün kölgələndirmə və vaxtında havalandırma ilə birlikdə tətbiq olunduqda evdə daha rahat mühit yaratmağa kömək edir. Onların fikrincə, əsas qayda mənzili yalnız çöldəki hava daxildəki havadan daha sərin olduğu vaxtlarda havalandırmaqdır. Bu yanaşma əlavə enerji sərf etmədən yay istisinin təsirini azaltmağa imkan verir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki