image-img-20220329-wa0001backend

Könül Nurullayeva: “Qarabağda aşkarlanan kütləvi məzarlıqlar soyqırımın tərkib hissəsidir”

image-reklam_sirab_01

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Ermənilər 104 il əvvəl törətdikləri bu cinayətləri son 30 illikdə də eyni xislətlə davam etdirdilər. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində-Xocalının Fərrux kəndində aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın hərbi cinayətlərinin, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin növbəti dəfə sübutudur.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev kütləvi məzarlıqlar mövzusuna xüsusi önəm verir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa dövlət başçısı Emmanuel Makronla görüşdə də bu məsələ xüsusi qaldırılıb. Dövlət başçımız bəyan edib ki,
Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur: “Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir.”
Ümumiyyətlə, Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilib. Ulu Öndər Heydər Əliyevin mart soyqırımı ilə bağlı
müvafiq fərmanında da qeyd olunduğu kimi, Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində fundamental işlər aparılıb. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Bu gün eyni zamanda Xocavəndin Edilli kəndində, Kəlbəcərdə-Başlıbeldə, Xocalıda-Fərrux kəndi ətrafındakı yüksəkliklərdə ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı I Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların yeni qalıqları aşkar olunub. Bu faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir. Ermənistanın bu cinayətlərə görə beynəlxalq miqyasda məsuliyyətə cəlb olunması istiqamətində atılan addımlar daha da intensivləşməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki