image-thumb-8backend

Malik Həsənov: Zəfər Qurultayı Azərbaycan diasporunun qarşısında yeni imkanlar açacaq

image-reklam_sirab_01

“Tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayı başa çatsa da onun özündə ehtiva etdiyi məqamlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.  Hər bir tarixi hadisə mahiyyəti ilə yanaşı, baş verdiyi məkan baxımından da diqqətçəkəndir. Azad Qarabağın, azad Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi qürurvericidir, dünyaya bir mesajdır. Postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində mühüm uğurların əldə olunduğu zamanda dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Qarabağın tacına topalaşaraq perspektivləri müzakirə etmələri, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Prezident kimi nitqində əksini tapan çağırışlara uyğun olaraq gələcək fəaliyyətlərində hansı yeniklərə  zərurət  olduğunu  müəyyənləşdirmələri və sair kimi biri-birindən  önəmli addımlar Zəfərimizin bizlərə yaratdığı imkan, bəxş etdiyi sevincdir. Dünya azərbaycanlıları 30 ildən sonra Zəfər yolu ilə Azərbaycanın döyünən ürəyi olan Şuşanı görmək imkanı qazanaraq qısa müddətdə onun əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində atılan addımların şahidi oldular. Şuşa sözün əsl mənasında dirçəlir, əvvəlki şöhrətini özünə qaytarmaq üçün fədakarlıq göstərir. Necə ki, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalsa da əyilmədi, milli kimliyimizi qorudu, son iki ilə yaxın dövrdə də dünyanın diqqətini genişmiqyaslı quruculuq işlərinə yönəldərək, tarixi sahibinə qovuşduğu üçün özünü   xoşbəxt hiss etdiyini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən daim bu fikri də xususi vurğulayır ki, hətta təbiət də sevinir, bizimlə həmrəydir.  Eyni həmrəylik azad Qarabağımız, Şuşamız Zəfər Qurultayının iştirakçılarını qarşılayarkən nümayiş olundu.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Dövlət başçısı İlham Əliyev şanlı  Zəfərimizi şərtləndirən amilləri bir daha həmvətənlərimizə çatdırmaqla müstəqillik dövründə  vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni,  müjdəni Azərbaycan xalqına bəxş etdiyini xüsusi vurğuladı” söyləyən Malik Həsənov qeyd edib ki,  ümummilli lider Heydər Əliyev daim bu tezisi irəli sürürdü ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır: “Gənclər tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi bilməli, torpağa, Vətənə bağlı olmalıdırlar. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin bütün çıxışlarının mahiyyətində də məhz bu çağırış dayanır ki, gənclər vətənpərvər olmaqla dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.  44 günük İkinci Qarabağ müharibəsi gənclərimizin torpağa, Vətənə bağlılığının təqdimatı oldu.”

Millət vəkili onu da əlavə edib ki, işğaldan azad olunmuş bütün ərazilərimiz erməni vandalizminin canlı şahidləridirlər: “Hər daşı, qayası tarix olan Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın hamısını qurutmuş, məscidlərimizi təhqir etmişdilər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. Ermənilərin 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə törətdikləri təxribatlar, vəhşiliklər Azərbaycan xalqının bu illər ərzində necə vəhşi bir millətlə üz-üzə dayandığını nümayiş etdirir. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu.”

“Bütün ağrılı məqamlara, işğala baxmayaraq bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu prinsipləri qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ölkəmizə qarşı hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı Azərbaycanın hansı gücə malik olduğunu nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistana tarix boyu unuda bilməyəcək dərsi verdi. Dövlət başçısı İlham Əliyev Zəfər Qurultayında bu məqamlara bir daha diqqət yönəltdi”,-deyə, Malik Həsənov  bildirib.

“Zəfər Qurultayı Azərbaycan diasporunun qarşısında yeni imkanlar açacaq” söyləyən millət vəkili vurğulayıb ki, hər bir kəsin yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasında payı olmalıdır. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları vardır.

Malik Həsənov bu mühüm məqamı da diqqətə çatdırıb ki, tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir: “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Azərbaycan döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirdi. Əsas çağırışlar sırasında bu mühüm məqam da yer tutur ki, xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, həm də bu həqiqətləri yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmalıdırlar. Dünya  azərbaycanlıları böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki