Heydər Əliyev Azərbaycan torpağının xalqımıza bəxş etdiyi tarixi şəxsiyyətdir. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Təsadüfi deyil ki, tarixdə öz əməlləri ilə iz qoymuş şəxsiyyətlər sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı Vətənə və xalqa göstərdiyi misilsiz xidmətləri baxımından birincilər sırasında çəkilir. O, Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoymuş, müstəqil Azərbaycan dövlətinin memarı kimi dövlətçiliyimizi formalaşdırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu işində ilk ciddi addımlarından biri “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” 09 avqust 1994–cü il tarixli fərmanı idi. Həmin fərman Konstitusiyalı dövlət quruluşunun mühafizəsində, insan hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və qanunçuluğun möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.
Səmərəli neft siyasəti sayəsində Heydər Əliyev ölkənin iqtisadi sisteminin bütün sahələrində dinamik inkişafı təmin edə bildi. “Əsrin müqaviləsi”, Bakı-Ceyhanla bağlı prinsipial qərarın qəbul edilməsi və onun ardıcıl şəkildə həyata keçirilməsi, dövlət quruculuğu sahəsində konkret proqramların reallaşdırılması, xarici siyasətdə Azərbaycan modelinin formalaşdırılması, beynəlxalq təşkilatlarla aktiv diplomatiya müstəvisində əlaqələrin inkişaf etdirilməsi, əhalinin sosial təminatının ardıcıl olaraq gücləndirilməsi, ordunun hərbi qüdrətinin yüksələn xətlə artırılması birbaşa Heydər Əliyevin gərgin əməyinin nəticələridir.
Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, onu aşınmadan xilas etmişdir.
Məhz Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və daha da inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.
Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.
Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşatmaqla Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulmuş ən böyük məqsədini qalibiyyətlə yerinə yetirmiş və Vətən müharibəsində qələbə çalmaqla tarixi torpaqlarımızı bərpa etmişdir.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı qalib ölkə kimi dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb.
Yuxarıda qeyd olunanlar, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlər, tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın nicatı və xoşbəxt gələcəyi naminə atdığı addımları və ideyaları qədirbilən xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacaqdır.
Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının İƏPT sədri