image-interpress_8f70e1b83d2c7a6a27bc0a3684abc096_z9p1jsrgi4oxqw635n70-400x336backend

Müzəffər Komandanın Müzəffər Ordusu

image-reklam_sirab_01

2020-ci il bütün dünya ölkələri üçün çətin keçmiş, pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərmiş, lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara baxmayaraq, özünə qarşı edilmiş təcavüzə biganə qalmayıb, sipər gərmiş və torpaqların azad edilməsi üçün əks hücum əməliyyatına başlamışdır. Azərbaycan dövləti və xalqı 2020-ci ildə iki cəbhədə mübarizə apardı. Bunlardan biri mənfur düşmənlərimiz idi ki, xalqımız və ordumuz Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək, düşməni məğlub etdi.

Bu gün bütün dünya Azərbaycanın “Dəmir yumruq” əməliyyatlarını öyrənir. Bu Qələbə təkcə bizim şərəf məsələmiz deyildi, həm də Azərbaycan xalqının necə bir qəhrəman xalq, millət olduğunu, öz lideri ətrafında bir yumruq kimi birləşməsinin bütün dünyaya nümayişi idi. Eyni zamanda ölkə rəhbərliyinin uzaqgörən siyasəti və vaxtında atılmış zəruri addımları nəticəsində ölkəmiz dünyanı cənginə alan COVİD-19  pandemiyası ilə daha effektiv mübarizə apara bildi.

İkinci Qarabağ müharibəsi həmçinin ölkəmizin dostlarını da bir daha sınaqdan keçirdi. Belə ki, 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra Türkiyə Respublikası Ermənistan Respublikası ilə sərhədlərini bağlamaqla bizim yanımızda olduğunu, bizim  mövqeyimizi qoruduğunu bildirmişdi. İkinci Qarabağ müharibəsi zamanı da torpaqlarımızın işğaldan azad olunması üçün apardığımız hərbi əməliyyatların ilk günündən etibarən qardaş ölkə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyənin digər rəsmi şəxsləri, siyasi və ictimai xadimləri Azərbaycana dəstək verərək, tək olmadığımızı, haqlı mövqeyimizi bütün imkanları ilə qoruduqlarını  bildirərək, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu bütün dünyaya göstərdilər .

Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının da  İkinci Qarabağ müharibəsində zəfər çalmağımızda böyük rol oynadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq üçün əməli-praktiki işlərə başlanılıb. 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasından başqa Pakistan, Əfqanıstan, İsrail, İtaliya və digər ölkələrdə bizim haqlı mövqeyimizi dəstəklədilər.

Bu gün dövlətin vəzifələrindən biri də, ərazi bütövlüyümüzün bərpa olunmasında iştirak edərək yüksək vətənpərvərlik göstərib şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə və qazilərimizə layiqli qayğı və diqqət ayırmaqdır. Tarixi ədalətin bərpa olunmasında iştirak edərək şəhid olmuş, yaralanmış qazilərimiz, eləcə də döyüşlərdə qəhrəmanlıq və şəxsi şücayət göstərmiş əsgər və zabitlərimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev tərəfindən fəxri adlar və ordenlərlə təltif edildilər. Cənab Prezidentimizin  8 dekabr 2020-ci il tarixdə imzaladığı fərman əsasında şəhid ailələri və qazilərimizin sosial rifahının yüksəldilməsi məqsədi ilə  “YAŞAT” Fondu yaradıldı. Həmçinin  dövlət başçısının imzaladığı fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü də təsis olundu.

Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğının dövlətin diqqət mərkəzində olmasını cari ilin fevral ayının 25-də 1512 mənzildən ibarət və bütün sosial infrastrukturla təchiz edilmiş kompleksin şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunması, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla təsdiq olunmuş proqramlara əsasən 2021-2025-ci illərdə 11 mindən çox şəhid ailəsinin və müharibə əlinin mənzillərlə təmin olunmalarının nəzərdə tutulması da bir daha təsdiqləyir.

44 günlük Vətən müharibəsi göstərdi ki, xalqın birliyi, liderinin sərkərdəsinin qətiyyətli siyasi  iradə nümayiş etdirməsi ordunun da əhval-ruhiyyəsini yüksəldir. Bu müharibə təkcə ən müasir silahların tətbiq olunduğu  savaş deyildi. Bu müharibədə Azərbaycan xalqı bütün dünyaya birliyinə öz ordusunun Ali Baş Komandanının  arxasında qətiyyətlə dayandığını sübut etdi və xalqımız müharibədən qalib kimi çıxdı.

Bu gün dünyada çox ordular var. Azərbaycan ordusu da dünyanın ən yaxşı ordularından biri kimi artıq hərb tarixinə düşüb. Buna görə xalqımız Vətənin azad olunması yolunda canından keçən şəhidlərimizə və qazilərimizə minnətdardır.

Azərbaycan xalqının tarixlərin yaddaşından süzülüb gələn belə bir deyim var: “Ordum varsa, yurdum var”. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Azərbaycan ordusu Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən böyük sərvətidir.

Bu gün əsgərlərimizin, zabitlərimizin hesabına ölkəmiz dinclik və əmin-amanlıq şəraitində yaşayır. Əminik ki, bundan sonra ordumuzun ayıq-sayıqlığı sayəsində xalqımız rahat və firavan yaşayacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan xalqının 30 ilə yaxın Ali Baş Komandanın əmrini və Qələbə gününü gözlədiyini bildirir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazandı, müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan, 10 mindən çox hərbçisi fərarilik edən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı”.

  1. Əsgərov Vətən müharibəsində Zəfərin memarlarının Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev olduğunu vurğulayır: “Ümummilli lider Azərbaycanın parçalanmasının, vətəndaş müharibəsinin qarşısını aldı, bir çox təzyiq və təhdidə baxmayaraq iqtisadi inkişafımızın bazisi rolunda çıxış edən “Əsrin müqaviləsi” imzalandı. Durğunluqdan çıxaraq inkişaf edən iqtisadiyyatımız 1 milyondan çox qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə davamlı olaraq böyük həcmdə vəsait ayırmağa imkan verdi. Məhz Ümummilli lider peşəkar ordu quruculuğuna başladı, bazar iqtisadiyyatına keçidi təmin etdi. Beləliklə, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu oldu. Heydər Əliyev kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də davamlı və effektiv ordu quruculuğu həyata keçirdi, müasir silah-sursat və texnika ilə təchizatı təmin etdi, dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə düşünülmüş siyasət yürütdü. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına cavab verən önəmli qərarlar və qətnamələrin qəbuluna nail olundu. Prezident İlham Əliyevin ötən dövrdə atdığı addımların bir daha nə qədər uzaqgörən və rasional addımlar olduğu Vətən müharibəsinin gedişində bir daha təsdiqini tapdı”.

 

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vəndir” layihəsi çərçivəsində hazırlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image