Göygöldə narkotik vasitə saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Oruc Məmmədov, Eşqin Məmmədov, İftixar Süleymanov, Ramiz Həsənov və Şahin Əliyev saxlanılıb.
Polis Şöbəsində şübhəli şəxslərin üzərinə baxış keçirilən zaman müxtəlif çəkilərdə narkotik maddə olan heroin, metamfetamin və digər psixotrop maddələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslərdən Ş. Əliyevin ətrafında aparılan istintaq-əməliyyat təbirləri nəticəsində onun törətdiyi digər cinayətlər də müəyyən edilib. Belə ki, Ş. Əliyev aprel ayının 18-də “Aztelekom” MMC-yə məxsus naqili oğurladıqdan sonra tanışı Namiq Əliyev ilə qabaqcadan əlbir olaraq rayon ərazisindəki ümumi dəyəri 3744 manat olan artezian quyusunun elektrik naqillərini oğurlayıb.
Qeyd edilən faktlar üzrə Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.