“Getdikcə məktəblərdə belə hadisələr çox olacaq. Çünki tərbiyə sistemi dağılır, sistemə nəzarət edən yoxdur. Təhsil sistemi imtahanlardan, təlimlərdən, layihələrdən ibarətdir. Təhsili idarə edən şəxslər özləri təhsil adamı deyillər”.
Bu sözləri Demokrat.az-a açıqlamasımda təhsil eksperti Elşən Qafarov deyib.
“Məktəbdə baş verən hadisələrlə son günlərdə təhsil sistemində olan təyinatlara baxaq. Spirt və Şərabçılıq Zavodunun mütəxəssisləri nazirlikdə vəzifəyə təyin olunur, Dəniz Limanının işçiləri ümumtəhsil şöbəsinə rəhbər, Şəkər Zavodunun işçiləri isə aparıcı vəzifələrə gətirilirlər. Təhsil sistemində təhsil adamlarından başqa kimi desəniz var. Nazir Emin Əmrullayev başda olmaqla, onlar üçün təlim-tərbiyə maraqlı deyil. Onlar təhsilə biznes kimi baxırlar. Hansı təlimi tətbiq etməklə gəlir əldə etmək olar deyə düşünürlər”.
Ekspert bildirib ki, uzun illərdir “bullinq” adı ilə milyonlarla vəsait dağıdılır, təlimlər keçirilir:
“Heç bir nəticəsi yoxdur. Təhsilə kommersiya gözü ilə baxmaq olmaz. Bazar düşüncəsi ilə düşünənləri təhsilə yaxın buraxmaq olmaz. Nəticəsi belə olmalı idi, qeyri-adi heç nə yoxdur. Hələ bu problemin ictimailəşən tərəfidir, daha çox hadisələr baş verir.
Nazir və idarəçi şəxslər nə qədər ki, təhsildən kənar şəxslər olacaqlar, bu kimi hadisələr kütləviləşəcək. Təhsilimizə və təhsildə can qoyan pedaqoqlarımıza heyifim gəlir. Vəziyyəti düzəltmək üçün təhsillə əlaqəsi olmayan şəxslər qısa müddətdə təhsildən uzaqlaşdırılmalıdır. Bütün funksional vəzifələrə təhsil adamları gətirilməlidir. Məktəblərdə təlim-tərbiyə mühiti bərpa olunmalıdır.
Baş verənlər Emin Əmrullayevin səriştəsizliyinin acı nəticəsidir və bu kimi halları qarşıdakı illərdə daha çox görəcəyik”.
Qeyd edək ki, bir neçə gün öncə Xırdalanda şagirdlər “2” qiyməti aldığına görə müəllimin telefonunu sındırıblar.