“Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının birgə təşəbbüsü ilə Neftçala rayonunda aztəminatlı və sosial həssas qruplara pulsuz hüquqi yardım göstərilməsi məqsədilə sosial-hüquqi aksiya təşkil olunub.
Aksiya Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə həyata keçirilib və tədbirdə Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin müdir müavini İlqar Cəfərov, həmçinin 30 saylı və 27 saylı Vəkil Bürolarının vəkilləri Elməddin Məhərrəmov və Binyamin Cumayev, eləcə də Neftçala rayonunda fəaliyyət göstərən vəkillər Könül Dadaşova, Seymur Abdullayev və deputat köməkçiləri iştirak ediblər.
Görüşdə vəkillərlə yanaşı Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Əhmədov da iştirak edib.
Görüş zamanı vətəndaşların sosial müdafiə, məşğulluq və hüquqi xarakterli müraciətləri dinlənilib, mövcud məsələlərlə bağlı zəruri istiqamətləndirmə və dəstək göstərilib. Qaldırılan bəzi məsələlərin müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydiyyat aparılıb.



























