image-photo-2021-11-16-17-47-12backend

Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək.

image-reklam_sirab_01

Dünyada özünə işğalçı statusu qazandıran Ermənistanın Qarabağ torpaqları üzərində həyata keçirdiyi amansız siyasət Azərbaycana çox böyük zərbə vurdu.Bu hadisə bütün Azərbaycanın xalqında öz qanlı izini saxlamışdır.Amma çox qürur hissi ilə qeyd etməliyik ki,, biz bu gün Qarabağ münaqişəsindən danışmırıq,illərdir davam edən bu kədər 2020-ci il 8 noyabr tarixində  Azərbaycan ordusunun zəfəri ilə başa çatmışdır.

Ermənistan “dövləti” özü də gec olsa da anlamışdır ki,haram yollarla əldə edilən heç bir şey uzun ömürlü olmur. Haqqın üzərindən min il keçsə belə hər zaman öz yerini tapır..

 

Artıq bir ildir ki, müharibə yolu ilə bu uzun sürən işğalçılığa son qoyulub və gündəmə Qarabağın dirçəldilməsi mövzusu keçib. Amma o demək deyil, torpaqlarımızı geri qaytardıqsa, yaxın keçmişdə baş verənlər hafizəmizdən silindi. Əsla! Tarix unudulmur;  münaqişənin meydana çıxardığı acı səhnələr, qüssəli insan hekayələri yaddaşlarda, tarixi salnamələrdə əbədi yaşayır və mütləq yaşamalıdır.

 

Nəyə görə?

 

Birincisi, gələcək nəsillər məlumatlı olsun deyə.

 

Çünki münaqişə Azərbaycanın 20 faiz torpaqlarının 30 il işğal altında saxlanması ilə nəticələndi. Bir milyondan çox azərbaycanlı didərgin həyatı yaşadı. İnsanlar öldü, qocalar, yeniyetmələr şikəst oldu, ailələr sahibsiz qaldı.  Ölkədə Qarabağ əlilləri, şəhid ailələri kateqoriyası meydana çıxdı. Azərbaycan iqtisadiyyatına ağır zərbə vuruldu və bütün bu problemlərin iqtisadi, mənəvi yükü dövlətin üzərində ciddi məsuliyyət kimi dayandı.

 

Gələcək nəsillərin bunu bilməyə mənəvi haqqı var və bu bizim ən böyük vəzifələrimizdən biridir !

 

Qəddar düşmən Azərbaycan mədəniyyətinin Qarabağdakı izini silməyi hədəf seçdi. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edildi.  Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli , 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli  tarix və mədəniyyət abidələri var idi.  Onlar erməni acgözlüyü ilə qəsb edildi. Bu, təkcə qəsb də deyildi. Burada Azərbaycan xalqına məxsus olan nə varsa məhv etmək, Qarabağın bizə məxsusluğunu sübuta yetirən tarixi izləri silmək kimi planlı, çirkin  bir siyasət var idi. Qəbirlər də buna görə dağıdılmışdı. Bu, vandalizm aktını yaddaşlardan silmək rahatdırmı?

 

II Qarabağ müharibəsinin gedişində o torpaqlardan Azərbaycan etnosunun qovulmasından sonra nələr baş verdiyini görmək imkanımız yarandı və Qarabağ torpaqlarının necə bir cəhənnəmə çevrildiyini izləmək dərin təəssüf yaratdı. Erməni vəhşiliyinin izləri qarşımıza o qədər qorxunc çıxdı ki, Ermənistanın Azərbaycana vurduğu iqtisadi zərərin miqyasını hesablamaq belə,  mümkün deyil.

 

Yaşayış evlərinin içini və çölünü gəmirən düşmən bəzi ərazilərdə heç quru daşı belə, yerində saxlamayıb. Bu vəhşilik, barbarlıq unudula bilərmi?

 

Söhbət Qarabağ bölgəsində bu gün şəhər, kənd infrastrukturu formalaşdırmaq, yaşayış binaları, məktəblər, xəstəxanalar və digər zəruri sosial obyektlər inşa etməkdən, mədəniyyət abidələrini bərpa etməkdən gedirsə, tələb olunan maliyyə vəsaitinin həcmini və bu işləri zamanla uyğunlaşdırmaq imkanlarını təsəvvür etmək lazımdır. Soydaşlarımızın qayıdışı məsələsinin aktuallığı var gündəmdə. Azərbaycan bu gün Ermənistanın işğalçılıq siyasətinin bu ağır nəticələrini aradan qaldırmaq, Qarabağdan olan vətəndaşlarının öz dədə-baba yurdlarına dönməsi üçün bütün zəruri şəraiti yaratmaqla məşğuldur.

 

Ermənistanın bizə vurduğu zərbə təkcə bütün bu sadalananlar da deyil. Bəs,  II Qarabağ müharibəsi?

 

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.

 

Azərbaycan müharibə başlayan zaman Ermənistana torpaqları bir-bir boşaltmaq şərtini ona görə qoyurdu ki, 30 illik münaqişənin yeni ağır səhifələri ortaya çıxmasın. Hər iki tərəf bu məsələyə itkisiz, ciddi iqtisadi, hərbi zərərə uğramadan nöqtə qoysun. Lakin Ermənistanın dəyişməyən işğalçılıq siyasəti II Qarabağ müharibəsində də ağır nəticələrə gətirib çıxardı. Söhbət mülkü əhalinin yaşadığı ərazilərə – Gəncə, Bərdə, Tərtərə atılan ağır silahların ortaya çıxardığı mənzərədən gedir – dağılmış evlər, ölmüş insanlar, maddi-mənəvi-psixoloji gərginliyə məruz qalan ailələr!

 

Vətənin sərhədlərini qorumaq üçün özlərini fəda edən, şəhid olan əsgərlər, qazilər… Bu gün Azərbaycan dövləti Qarabağdakı quruculuq işləri ilə paralel şəkildə müharibənin verdiyi bu acı nəticələrə də həssas yanaşır və problemləri qısa zamanda öz həllinə qovuşdurur.

 

Ermənistanın işğalçılığı ucbatından başımıza gələn bütün bu faciələr ona görə unudulmamalıdır ki, keçmişdə baş verənləri bilməsək, yadda saxlamasaq, gələcəyimizi etibarlı inşa edə bilmərik…

 

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.  Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Günel Niftiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki