“Narkoloji xidmət və nəzarət haqqında” Qanuna dəyişiklik edilib.
Veteninfo.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında layihə müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağrılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Hərbçiləri icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi növbəti oxunuşlarda keçərək, qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Sözügedən qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyulub və birinci oxunuşda qəbul edilib.