Milli Məclisdə 2026-cı il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edən millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala rayonunun problemlərindən danışıb.
Vətəninfo.az xəbər verir ki, millət vəkili Xolda marşrut xəttinn çəkilməsinin vacibliyinə toxunub. O, Neftçaladan Yeniqışlaq və Mikayıllı kəndlərinə də avtobusların təşkil edilməsi təklifini səsləndirib.
Bundan başqa, Qaçaqkənd və Haqverdili kəndində işıq dirəklərinin bərbad vəziyyətdə olduğunu bildirən deputat qazlaşma ilə də bağlı problemlərin mövcudluğunu dilə gətirib.
“Neftçalanın şəhər, qəsəbə və kəndləri, əsasən, qazlaşdırılıb. Hələ də Qaraqaşlı – Cəngəndə, Bala Surra, Uzunbabalı, Şirvanlı, Qaravəlli, Yeniqışlaq, Mayak 1, 2, Mikayıllı, Balağa, Mirzəli, Sahil və sair kəndlərinin əhalisi qaz xəttinin çəkilməsi ilə bağlı müraciətlər edirlər.
Qaz xətti çəkilmiş Mirzəqurbanlı kəndinin ən azı 30 ailəsi evinə qaz çəkdirə bilmir. Belə ki, əvvəllər qaz xətti üçün “order” tələb edilmirdi. Kimin imkanı var dərhal çəkdirdi. İndi isə digər sakinlərdən “order” istənildiyinə görə hələ də qazsız qalıblar. Orderlərini ala bilməmələrinin əsas səbəbi isə 25 il bundan əvvəl Nazirlər Kabinetinin qərarı ilə örüş sahələrinin məskunlaşma üçün əhaliyə paylanılmasıdır. Burada yaşayış evləri tikilsə də torpaq təyinatına görə sakinlər mənzillərinə çıxarış əldə edə bilmirlər. Nazirlər Kabineti tərəfindən həmin torpaq sahələrinin təyinatının dəyişdirilməsinə ciddi ehtiyac vardır”.
Millət vəkili Neftçalada su probleminin hələ də olduğunu qeyd edib:
“Neftçalanın hələ də Xol kəndlərində evlərə su, palçıq arxlar vasitəsilə çatdırılır. Mikayıllı, Hacımanlı, Şirvanlı və digər kəndlərə su maşınlarla, pulla daşınır. Xol zonasında 10 kəndə boru və ya beton arxlar çəkilməyib. Bura relyefi çətin zona, dağlıq-qayalıq zona deyil. Bura aran zonasıdır. Neftçalanın Həsənabad qəsəbəsində içməli su xətləri yararsız haldadır. Böyük su itkisini əsas gətirərək isti hava şəraitində ayda 1 dəfə içməli su verilir. Bu da haqlı olaraq, əhali arasında ciddi narazılığıa səbəb olur. Su xəttinin çəkilməsi üçün heç bir problem yoxdur. Təəssüf ki, hələ də su xəttinin çəkilməsi yubadılır”.


























