Qaynarinfo.az saytı “Gizli Azərbaycan” adlı layihəsini davam etdirirr.
Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.
Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı “Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.
Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?
Layihə çərçivəsində Pişəvərinin ölümü mövzusunda hazırlanmı ikinci araşdırmanı təqdim edirik. Birinci yazı ilə bu linkdən tanış oila bilərsiniz.
Pişəvərinin ölümündə doğrudanmı erməni barmağı olub?
Seyid Cəfər Pişəvərinin ölümü ilə nəticələnən hadisənin adi yol qəzası, yoxsa sui-qəsd olduğu barədə sual illərdir öz cavabını gözləyərkən, zaman keçdikcə ortaya başqa iddialar da atılıb. Məsələn, avtomobili erməni əsilli sürücünün idarə etməsi səbəbindən qəzanın elə ermənilərin əli ilə törədildiyi barədə mülahizələr yaranıb və bununla bağlı mübahisələr illərdir səngimək bilmir.
Başqa bir iddia isə Pişəvərinin qəzadan sağ çıxdığı, sonradan xəstəxanada planlı şəkildə öldürüldüyü ilə bağlıdır.
Bəs bu mülahizələrdə həqiqət payı nə qədərdir?
1
Pişəvərinin həlak olduğu avtomobil qəzası zamanı sürücü Karnik Melixyan ad-soyadlı erməni idi. Elə bu da həmin qəzada erməni barmağının olmasına dair versiyaların ortaya çıxmasını şərtləndirib. Həmin iddianı əsaslandırmaq üçün Melixyanın:
– SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) birbaşa nəzarətində olması
və
– atasının İranda daşnak liderlərindən biri kimi fəaliyyət göstərməsi göstərilir.
Məsələn, tədqiqatçı Teyyub Qurban yazır ki, Melikyanın atası İranda daşnak partizanlarının lideri idi. Sonra da əlavə edir ki, “həmin vaxt onun həyat yoldaşı (deyilənə görə, polyak əsilli olub və adı Qalla imiş – E.A.) İrandakı Britaniya səfirliyində işləyirdi. Azərbaycan SSR-in yerli DTK şöbəsi isə avtomobil qəzasından sonra ona şəxsi vəsiqə vermişdi” (Qaynaq: Teyyub Qurban. Düşmənindən güclü şəxsiyyətlər. Bakı, 2006, s. 34).
Qəzanın baş verdiyi Yevlax rayonunun o vaxtkı yerli təhlükəsizlik şöbəsinin rəisi Lətif Salayev sonralar demişdi: “Mən hesab edirəm ki, Pişəvərini öldürmək məqsədilə avtomobil qəzası təşkil edilmişdi”. Onun dediklərindən belə aydınlaşırdı ki, bu hadisədə bütün təqsir məhz Karnik Melikyanın üzərinə qoyulmuşdu.
Salayev onu da vurğulayırdı ki, Şamxor rayonunun yerli “KQB” rəisi Ruben Sarkisov hələ qəzadan əvvəl ona içərisində Pişəvərinin olduğu avtomobilin sürücüsünün daşnak liderlərindən birinin oğlu olduğunu söyləyibmiş.
Salayevin dediklərindən: “1947-ci ilin iyun-iyul aylarında Yevlağın 14 km-liyində içərisində Demokratik İran Azərbaycanının rəhbəri doktor Pişəvəri olan maşın qəzaya uğramışdı. Qəza barədə mənə məlumat çatan kimi gecə ikən hadisə yerinə yollandım. 28 aprel adına sovxoz ərazisindəki yolda əzilmiş “Hudzon” markalı avtomobili tapdım. Maşın körpünün çəpərinə dirənmişdi. Maşının içindəkilər – Pişəvəri, Qulam Yəhya və Nuru Quliyev yaralı halda rayon xəstəxanasına çatdırılmışdı. Hadisə yerində təkcə sürücü Karnik Melixyan qalmışdı. O, sərnişinlərin sənədlərini əlində tutub durmuşdu. Axtarış zamanı ondan 10 000 manat pul və “Valter” tapançası çıxdı. Mən hadisə yerinin şəklini çəkdim, akt tərtib etdim və Yevlaxa qayıdıb dərhal rayon xəstəxanasına getdim. Pişəvərinin huşu özündə idi. Onun ayağı və bir qabırğası sınmış, digər qabırğaları əzilmiş, başı yaralanmışdı. Quliyevin də huşu özündə idi… Qulam Yəhya yüngül yaralanmışdı, ancaq üzü zədələndiyindən danışa bilmirdi. Mən Pişəvəriyə müraciət edərək avtomobil qəzasının baş verdiyi şəraitdən danışmasını xahiş etdim. Pişəvəri mənə danışdı ki, o həmin vaxtlarda Kirovibadneftkəşfiyyatın rəisi olan Nəzər Heydərovun evində imiş. Orada yeyib-içib, istirahət edirmişlər. Təqribən gecə saat 4-də Quliyev Pişəvəriyə onunla Nuxaya getməyi təklif edir. Bildirir ki, Nuxa onun doğma torpağıdır, orada anadan olub, böyüyüb. Orada istirahət edib, növbəti günü keçirərlər. Axırda Pişəvəri bir neçə dəfə “xəyanət” sözünü təkrarladı və bildirdi ki, “mən on bir il İranda təkadamlıq kamerada qaldım, Rza şah və Qəvam-əs-Səltənə (İranın o vaxtkı baş naziri Əhməd Qəvam nəzərdə tutulur – E.A.) məni məhv edə bilmədi. İndi isə, nəhayət, onlar öz niyyətlərinə çatdılar”. Mən Pişəvəridən soruşdum ki, niyə belə danışır, o ki öz maşınında, öz sürücüsü ilə yola çıxıb. Pişəvəri mənə cavab verdi ki, “maşın da, sürücü də mənim yox, general Qulam Yəhyanın idi”. Pişəvəri öz şübhələrini də mənə bildirdi ki, o, adətən, heç vaxt sürücünün yanında oturmur, bu dəfə nədənsə onu sürücünün yanında əyləşdirmişdilər…” (Qaynaq: Əşir Bəşiroğlu. Neft milyonçuları, s. 301–302).
Bütün bunlardan sonra Salayev bildirir ki, onun fikrincə, “Pişəvəri öldürülüb, ancaq kim öldürüb, bu barədə mənim əlimdə əsaslı dəlil yoxdur. Hər halda mən əminəm ki, Pişəvərinin ölümündə Bağırovun, Yemelyanovun, Yaqubovun və Quliyevin əli var”. Bu qənaətini isə Salayev həmin qəza vaxtı onların özlərini şübhəli aparması ilə izah edir (Qaynaq: yenə orada, s. 306).
Bu deyilənlərdə bir məqam qeyd-şərtsiz doğrudur: Pişəvərinin qəza zamanı yox, ondan bir qədər sonra – aparıldığı xəstəxanada ölməsi!
Ümumiyyətlə, bütün etibarlı mənbələrdə Seyid Cəfərin məhz xəstəxanada vəfat etdiyi vurğulanır. Bu səbəbdən də onun guya hadisə anında öldüyü, hətta bəzi iddialara görə, qəzada ölmədiyi anlaşılınca kimsə tərəfindən guya elə oradaca güllələndiyi barədə deyilənlər həqiqətdən uzaqdır.
2
Yazıçı və ədəbiyyatşünas Elçin Əfəndiyev özünün Mir Cəfər Bağırovla bağlı tədqiqatında Pişəvərinin müəmmalı ölümünə toxunur. Onun araşdırmasından: “İngilis tarixçisi Djeffri Roberts yazır ki, Mir Cəfər Bağırov 1945-ci ilin aprelində Stalinə göndərdiyi məktubda Cənubi Azərbaycanın Sovet Azərbaycanına birləşdirilməsi, yaxud müstəqil Cənubi Azərbaycan Xalq Respublikası, yaxud da burjua-demokratik quruluşlu Respublika, bunlar mümkün olmazsa, İran dövləti daxilində mədəni muxtariyyət yaradılmasını təklif edir. Məsələ Siyasi Büroda müzakirə olunur və Siyasi Büro iyun ayında bu məsələnin təşkilati həllini hazırlamağı Bağırova, Molotova və Sergey Kavtaradzeyə (SSRİ xarici işlər naziri Molotovun müavini – E.A.) tapşırır. (Djeffri Robert. Vəçeslav Molotov…, Moskva, AST, 2014, str. 146.)”.
Əfəndiyevin fikrincə, görünən budur ki, “Bağırov İranın şahlığı zamanı Sovet İttifaqında Cənub məsələsini qaldıran ilk dövlət xadimlərindən biri (bəlkə birincisi?) olub və ətrafındakıların (Həsən Seyidov, Həsən Həsənov) yazdığına və dediyinə görə, o, 21 Azərin süqutunu daxili və güclü bir sarsıntı ilə qarşılayıb. Gecə saat 2-də Stalin telefon açaraq sovet qoşunlarının Cənubi Azərbaycandan çıxarılacağını deyəndə, Mir Cəfər Bağırov az qala yalvarmağa başlayıb: “Bunu etməyin!..”. Ancaq… beynəlxalq vəziyyət elə idi ki, Üçüncü Dünya müharibəsi baş verə bilərdi, Stalin isə buna hazır deyildi və bunu istəmirdi. Stalin həmin telefon söhbətini yarımçıq kəsib dəstəyi asandan sonra Mir Cəfər Bağırov bir müddət heç nə demədən özünə qapanıb, nəhayət: “Stalinin göstərişidir! Partiyanın göstərişidir!” – deyə özündən asılı olanları həmişəki cidd-cəhdlə yerinə yetirməyə başlayıb. 1947-ci ildə Seyid Cəfər Pişəvərinin öldürülməsində isə Mir Cəfər Bağırov heç vəchlə təşəbbüskar yox, dolayısı yolla yalnız icraçı (tapşırığı yerinə yetirən) ola bilərdi, çünki qəsdən törədilmiş bu avtomobil qəzasını, şübhəsiz ki, bilavasitə Stalinin tapşırığı ilə o zamankı Dövlət Təhlükəsizliyi Nazirliyi həyata keçirmişdi və təsdiq edilmiş faktdır ki, sürücü Karnik Melixyan DTN-nin agenti, Pişəvərini (onunla birlikdə general Qulam Yəhyanı da) müşayiət edən isə bilavasitə DTK katibliyinin rəisi idi (hadisədən sonra nazir müavini olub). Bağırov özü də məhkəmədə Pişəvərinin ölümü barədə suala: “Bunu Moskvadan soruşun” – demişdi, Moskva isə nə idi (daha doğrusu, kim idi?) – Stalin.
Mən ona görə əminliklə “şübhəsiz” deyirəm ki, hədəfə alınmış şəxslərin yalançı (əvvəldən hazırlanmış) avtomobil qəzaları vasitəsilə aradan götürülməsi Sistemin tətbiq etdiyi qətl formalarından biri idi və belə bir faktı yada salmaq istəyirəm: 1947-ci ildə məşhur teatr rejissoru, Yəhudi Antifaşist Komitəsinin ilk sədri Solomon Mixoels guya Minskdə avtomobil qəzasında həlak olmuş və Moskvada təntənə (!) ilə dəfn edilmişdi. Ancaq 1954-cü ildə SSRİ-nin keçmiş Təhlükəsizlik naziri Viktor Abakumov (o da özündən əvvəlki nazirlər kimi güllələndi) ifadəsində bildirdi ki, Mixoels şəxsən Stalinin göstərişi ilə qətlə yetirilmişdi” (Qaynaq: Elçin. Mir Cəfər Bağırov kim idi? – Şəxsiyyəti, əməli və taleyi. “Ədəbiyyat qəzeti”, may, 2024).
Tarixçi professor Cəmil Həsənli isə yazır ki, “Bağırovdan sonra formalaşan yeni Azərbaycan rəhbərliyində Seyid Cəfərin ölümünə dair müəyyən şübhələr vardı. Xüsusilə Pişəvərinin ölümü ilə bağlı araşdırma aparan Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin məsul əməkdaşının istintaqın gedişi barədə məruzə etmək üçün Moskvaya çağırılması və ezamiyyət zamanı mehmanxanada müəmmalı şəkildə ölməsi əlavə suallar doğurmuşdu. 1953-cü ildə Beriyanın həbsindən və Bağırovun vəzifədən uzaqlaşdırılmasından sonra iyulun sonlarında onların məsələsi Azərbaycan KP MK və Bakı Komitəsinin birgə genişləndirilmiş toplantısında müzakirəyə çıxarıldı. Bu zaman Sovet təhlükəsizlik orqanlarının əməkdaşı kimi İranda işləmiş Xentov öz çıxışında dedi ki, demokratik hərəkatın lideri Pişəvərinin guya avtomobil qəzasında ölməsi çox müəmmalı məsələdir. O əlavə etdi ki, qəza baş verərkən maşında olmuş Azərbaycan SSR daxili işlər nazirinin hazırkı müavini Nurməmməd Quliyevin vəzifəsi həmin hadisədən sonra yüksəldilmişdir. Toplantıdan Moskvaya arayış hazırlayan Sov. İKP MK-nın Bakıya ezam olunmuş nümayəndələri Aleksandr Şubun və Aleksandr Trofimov həmin faktı da öz hesabatlarına daxil etmişdilər. Lakin Moskva bu ciddi fakta münasibət bildirmədi” (Qaynaq: Cəmil Həsənli. Seyid Cəfər Pişəvəri. “Altun kitab” nəşriyyatı, Bakı–2025).
Müəllif əlavə edir ki, 1954-cü ildə yeni rəhbərlik formalaşdırıldıqdan sonra avqustun 16-da Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Sov. İKP MK katibi Mixail Suslova məktubunda maraqlı bir məqama toxunur. O yazırdı: “…Pişəvərinin 1947-ci il iyulun 3-də Azərbaycan SSR-in Yevlax rayonunda tamamilə şübhəli şəraitdə baş vermiş avtomobil qəzasında həlak olmasından sonra 1947-ci ilin sonunda Bakıda demokratlar arasında siyasi və təşkilati işləri aparmaq üçün Sov. İKP MK-nın icazəsi ilə Demokrat Firqəsinin komitəsi yaradılıb”. Lakin belə məsələlərdə çox diqqətli olan Sovet rəhbərliyi nədənsə Mustafayevin MK katibinə yazdığı “tamamilə şübhəli şəraitdə baş vermiş avtomobil qəzası” ifadəsini sükutla qarşılamışdı. Həmin məqam 1956-cı ildə Bakıda keçirilən Mir Cəfər Bağırovun məhkəməsində yenidən gündəmə gəldi. Belə ki, Bağırova qarşı irəli sürülən ittihamlardan biri məhz Pişəvərinin ölümü ilə bağlı idi. Hətta bu məqsədlə şahid kimi son anlarında Yevlax xəstəxanasında Pişəvərinin yanında olmuş DTK rayon şöbəsinin rəisi Lətif Salahov istintaqa cəlb edilmiş və ondan ifadə alınmışdı. Məhkəmə prosesində dövlət ittihamçısı Pişəvərinin ölümünə dair Bağırova sual verdikdə, o, qısa cavabında dedi ki, bu barədə Moskvadakı yoldaşlardan soruşun. Lakin Bağırov son sözündə Pişəvərinin məhz Stalinin tapşırığı ilə sui-qəsd nəticəsində öldürüldüyünü etiraf etdi (Qaynaq: yenə orada).
Bununla belə, C. Həsənli Harvard Universitetinin “Soyuq müharibə araşdırmaları seriyası”ndan nəşr edilmiş monoqrafiyasında (Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959, 2014) Pişəvərinin ölümü ilə nəticələnən təxribatda Melixyanın iştirakının şübhə doğurmadığını vurğulayır (s. 71).
Britaniyalı araşdırıcı Maykl Pay isə yazır ki, “Pişəvərinin İran Azərbaycanına müdaxilə məqsədilə öz qüvvələrini yenidən toplamaq üçün göstərdiyi fəal səylər – məhz avtomobil qəzasının baş verdiyi vaxt onun əsas məşğuliyyəti də bu idi – Sovet rəhbərliyinin başlıca məqsədi baxımından əlverişsiz idi… Bu başlıca məqsəd… ABŞ-ın bölgədə uzunmüddətli hərbi mövcudluğunun yaradılmasına hər hansı əlavə bəhanə verməməkdən ibarət idi. Mövcud dəlillər Moskvanın Pişəvərini həmişə qurban verilə biləcək bir şəxs kimi gördüyü qənaətini dəstəkləyir. Əslində, 1946-cı ilin martında Əhməd Qəvamla danışıqları zamanı Molotov belə bir təklif irəli sürmüşdü ki, iki hökumət arasında neft konsessiyası məsələsində razılıq əldə olunarsa, Pişəvəri “ölə və ya xəstələnə bilər”” (Michael Pye. Soviet-Iranian Relations During the Reign of Mohammad Reza Pahlavi (“Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə Sovet-İran münasibətləri”), research-repository.st-andrews.ac.uk, s. 63).
Araşdırmamızın ilk bölümündə istinad etdiyimiz qaynaqlardan birində – Məhəmməd Əli Geranmayehin “İranda solçu siyasi partiyaların üç nəsli…” (orijinalda tam adı: Three Generations of Leftist Political Parties in Iran: A History of Repression, Foreign Imperialism, and Khomeinist Manipulation, 1992, discovery.ucl.ac.uk) adlı irihəcmli tədqiqat işində isə Seyid Cəfərin taleyinin “NKVD üslubunda təşkil edilmiş avtomobil qəzası ilə müəyyənləşdirildiyi” vurğulanmaqla yanaşı, bir məqam diqqəti çəkir: müəllifin yazdığına görə, “özü də həkim olan Cahanşahlı (1945–46-cı illərdə mövcud olmuş Cənubi Azərbaycan Milli Hökumətinin baş nazirinin müavini – E.A.) xatırlayır ki, Azərbaycan Demokrat Firqəsinin liderinə (yəni Seyid Cəfərə – E.A.) xəstəxanada baş çəkib onunla söhbət etdiyi zaman Pişəvərinin aldığı xəsarətlər ciddi deyildi. Lakin ertəsi gün onun ürək çatışmazlığından öldüyü elan edildi. Cahanşahlının iddiasına görə, Pişəvərinin cəsədində zəhərlənməyə dair əlamətlərlə müşayiət olunan iltihab müşahidə olunmuşdu” (s. 780).
Elə Lətif Salayev də bildirir ki, o, xəstəxanaya gedərkən “Pişəvəri hələ şüurlu vəziyyətdə idi”. Dediyinə görə, onun ayağı və onurğasının bir hissəsi sınmış, başından xəsarət almışdı.
Beləliklə, Pişəvərinin ölümü ilə nəticələnən müəmmalı avtomobil qəzasında onun erməni əsilli sürücüsü Karnik Melixyanın bu və ya digər dərəcədə rolu istisna deyil. Eyni zamanda qəzadan sağ çıxan digər iki nəfər – Qulam Yəhya və Nurməmməd Quliyevlə bağlı şübhələr də qalır. Ələlxüsus, sonuncunun illər sonra – 1954-cü ilin yanvarından Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi, həmçinin daxili işlər nazirinin müavini vəzifələrinə təyinat alması bu şübhələri qüvvətləndirən amil kimi göstərilir. Sonralar elə Qulam Yəhyanın da tərcümeyi-halında yeni səhifə açılacaqdı: 1954–1957-ci illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində oxuyacaq, 1957–1959-cu illərdə isə hər kəsin hələm-hələm nə təhsil ala, nə də işləyə biləcəyi Bakı Ali Partiya Məktəbində dekan kimi çalışacaqdı…
Hər bir halda Pişəvərinin düşdüyü avtoqəza həqiqətən də bir sui-qəsd idisə, şübhəsiz ki, ən yüksək səviyyədə sifariş və təşkil edilmişdi, adları çəkilənlər isə bu sifarişin icrasında “vintcik”dən başqa bir şey deyildilər. Belə bir mühüm ictimai-siyasi, üstəlik, öz dövrü üçün ən azı regional müstəvidə həlledici bir fiquru kimlərinsə – həm də SSRİ-də və Stalinin hakimiyyətdə olduğu bir vaxtda! – sadəcə özfəaliyyət nəticəsində aradan götürdüyünə inanmaq çox gülməli görünərdi.
Digər tərəfdən, Seyid Cəfər əslində qəzadan sağ çıxıb və sonradan xəstəxanada vəfat edib. Belədə ortadakı iki versiyanın ciddi araşdırmaya ehtiyacı var: Pişəvəri tibb müəssisəsində aldığı ağır xəsarətlərdən ölüb, yoxsa onu aradan götürməyə qərar verənlər bu planı avtomobil qəzası ilə həyata keçirə bilməyincə, xəstəxanada tamamlamaq istəyiblər?
Əlbəttə, haqqında danışdığımız qəzanın əslində bir sui-qəsd olduğunu düşünməyə əsas verən arqumentlər güclüdürsə, Pişəvərinin xəstəxanadakı ölümünün də həmin sui-qəsd planının davamı olması daha ağlabatan görünür. Lakin tarix ehtimallarla deyil, faktlarla, sübutlarla danışmağı sevdiyindən bizə bu istiqamətdə araşdırmaların dərinləşəcəyinə və təkzibedilməz dəlillərlə hər şeyin ortaya çıxarılacağına ümid etməkdən başqa heç nə qalmır…


























