Milli qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur.
Həmişə qəhrəman dedikdə ağlımıza filmlərdəki bəzi obrazlar gəlirdi. Lakin bu gün qəhrəman dedikdə ağlımıza Polad Həşimov gəlir. General-mayor Polad Həşimov kimdir? Sualına nadir komandir, nadir şəxsiyyət kimi cavab vermək nece də qürurvericidir. Onu nəinki əsgərləri, hətta bütün Azərbaycan unutmayacaq. Unudulmaz qəhrəman Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi , “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi , yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. 2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olmuş, döyüş zamanı yaralanmışdır. Hal-hazırda həmin istiqamətdəki postlardan biri “Polad postu” adlanır. 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilmiş, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən şəhid olmuşdur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olmuşdur. 14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Buna görə o, Azərbaycan xalqının unudulmaz qəhrəmanıdır. Hər kəsin dilində bir cümlə var . “ Hər şey onunla başladı…”.
Rəhiməxanım Qeybalıyeva Xəzər universiteti