Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xalqın səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabrından 22 il ötür.
Prezident İlham Əliyev Ulu Öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. İlham Əliyev dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir.
Prezident seçilərkən İlham Əliyev, artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmiş, Heydər Əliyev neft strategiyası və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmış, ölkənin Baş naziri vəzifəsinədək yüksəlmişdi. Üstəlik, İlham Əliyev Prezident seçilərkən, çoxlarından fərqli olaraq, həm təhsilinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə peşəkar siyasətçi idi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilmişdi.
2018-ci il aprel 11-də keçirilən prezident seçkilərində yenidən seçilən Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında vaxtilə söylədikləri: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” deyimni bu gün Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi, məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabr ayının 7-də imzaladığı Sərancama uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu növbədənkənar Prezident seçkilərini həm də Zəfər seçkiləri adlandırmaq olar. Əlamətdar haldır ki, Müstəqil Azərbaycanın tarixində ilk olaraq Prezident seçkiləri bütün ölkə ərazisində keçirildi.
Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 22 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atması, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilmiş, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutmuşdur.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 22 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.
Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 22 ildə Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 22 il ərzində ölkəmiz ən şanlı dövrünü yaşadı. Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha öz təsdiqini tapdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümümmilli Lider Heydər Əliyevin və onun ətrafında sıx toplaşan xalqın ona olan inamını ən yüksək səviyyədə doğrultdu.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


























