image-9ec8b940-71af-4b07-ae57-49d69e6f2b52backend

Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyev

image-reklam_sirab_01

Düzgün siyasi hədəflər, xalqın maraqlarını əks etdirən fəaliyyət və Azərbaycan amalı partiyamızın davamlı nailiyyətlərinin əsas təməlidir.

 

Otuz il. Zaman baxımından qısa görünən bu dövr Azərbaycanın tarixinə hansı uğur səhifələrini yazdı? Yaranmasından ötən 30 ildə sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirən Yeni Azərbaycan Partiyası cəmiyyətə özünü necə təqdim etdi? Hansı amillər YAP-ı nəinki ölkənin, hətta Cənubi Qafqazın aparıcı siyasi təşkilatına çevirdi?

Ötən 30 il partiyanın ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində bir-birindən parlaq qələbələrində nə kimi rol oynadı? Ən nəhayət, Yeni Azərbaycan Partiyasını yarandığı gündən indiyədək xalqa sevdirən, ona ümumxalq partiyası statusunu qazandıran hansı amillərdir?

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni mərhələyə yol açdı. Sözsüz ki, bu kimi sualların sayını xeyli artıra bilərik. Bu baxımdan ki fəaliyyətin əsası dövlətə, xalqa xidmətin olduğu ünvanda uğurlar da davamlı olacaq, bunlara söykənərək cavablandırılacaq suallar da.

Bu ilin payızında 30 illik yubileyini tarixi Zəfərimizin yaratdığı xoş əhvali-ruhiyyə şəraitində, Qarabağımızın cənnətməkana çevrildiyi, mədəniyyət paytaxtımız olan gözəl Şuşanın müxtəlif rəngarəng tədbirlərə evsahibliyi, uğur salnaməmizdə yeni səhifələr açacaq dövlətlərarası sənədlərin imzalanmasına şahidlik etdiyi, işğaldan azad olunmuş ərazilərimizə xarici aviauçuşların təşkil olunduğu, ölkədaxili avtobus reyslərinin açıldığı və sair nailiyyətlərimizin sevinci fonunda qeyd edəcək Yeni Azərbaycan Partiyasının uğurları çoxdur. Onun təməlində isə müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olması, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşməsi, yeniləşməsi, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləməsi dayanır.

Bu gün düşmən tapdağından azad edilmiş tarixi torpaqlarımızda bərpa-quruculuq işlərinin geniş vüsət alması da Azərbaycan dövlətinin möhkəm təmələ əsaslanan siyasətinin nəticəsidir. Çünki Azərbaycan dövləti sıfırdan başladığı bu nəhəng işləri özünün maliyyə imkanları hesabına həyata keçirir. Müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin yaratdığı, son 18 ildən artıq müddətdə Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri 44 günlük Vətən müharibəsində necə birlik, həmrəylik göstərdilərsə, bərpa-quruculuq işlərinə də öz töhfələrini vermək üçün eyni fədakarlığı nümayiş etdirirlər. Məhz bütün bunlara görə hər zaman Azərbaycanın bugünü və gələcəyi naminə çalışan, adının ən yüksək zirvələrdə olmasına səy göstərən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi böyükdür.

Bu günün prizmasından dünənə baxarkən bu fikri böyük inamla qeyd etmək olar ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Təbii ki, hər bir hadisənin baş verməsi üçün tarixi zərurət olmalıdır. Yeni Azərbaycan Partiyasının yaradılması da o illərin reallıqlarından irəli gələn, qarşısıalınmaz prosesə və tələbə çevrilən böyük ictimai-siyasi hadisə idi.

 

Ulu Öndər müstəqilliyimizin qorunması üçün görüləcək işlərin təsnifatını ardıcıllıqla müəyyənləşdirmişdi: Azərbaycanın müharibə vəziyyətindən çıxması, sosial-iqtisadi böhranın aradan qaldırılması, biliyi, bacarığı, təcrübəsi olanların dövlət işlərinə cəlb edilməsi, qanunun aliliyinin təmin olunması, respublikanı məhvə sürükləyən zərərli meyillərin qarşısının alınması vacib vəzifə kimi qarşıya qoyulmuşdu. Bu kimi taleyüklü məsələlərin həlli isə təbii ki, yalnız xalqı öz ətrafında birləşdirəcək, insanların sabaha inamını gücləndirəcək vahid siyasi təşkilatın yaradılması ilə mümkün idi. Beləcə müraciətdə irəli sürülən Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü reallaşdı. Ümummilli Liderin “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur” sözləri Azərbaycan xalqı üçün ümid yeri oldu.

Bu gün Yeni Azərbaycan Partiyası nəinki sıralarında birləşən 800 minə yaxın üzvünün, ümumiyyətlə, xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. İnsanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bugünü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Ağayev Sehliman

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki