Rusiya ilə Ukrayna arasında qlobal böhrana çevrilən müharibə artıq üç ildir davam edir. XXI əsrin tarixinə düşən bu münaqişə ərzində bir çox mühüm hadisələr baş verdi. “NATO parçalanacaqmı?”, “Rusiya kimdir?” kimi müzakirələr fonunda Qərbin Moskvaya qarşı siyasəti daha da sərtləşdi. Qərb ölkələri demək olar ki, əlində olan bütün vasitələrlə Rusiyaya təzyiq göstərdi. Rusiya milyarderlərinin kapitalı müsadirə edildi, iqtisadi sanksiyalarla ölkə qlobal sistemdən təcrid olunmağa çalışıldı. Hətta Çaykovskidən tutmuş rus idmançılarına qədər müxtəlif sahələrdə mədəni embarqolar tətbiq olundu.
Bu dövrdə nüvə təhlükəsi, yeni hərbi texnologiyalar, xəyanətlər və yüz minlərlə insan itkisi kimi ağır nəticələr yaşandı. Ancaq belə bir zamanda Türkiyə həm Rusiya, həm də Ukrayna ilə eyni anda diplomatik təmaslar quraraq bu məsələləri NATO masasına daşıya bildi. Bu yazıda Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki təşəbbüslərini və onların təsirlərini müzakirə edəcəyəm.
Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik fəaliyyəti münaqişənin başlamasından təxminən bir ay əvvəl, prezident Ərdoğanın tərəflərə danışıqlar təklif etməsi ilə başlayıb. Müharibə başladıktan sonra Türkiyə diplomatik kanallar vasitəsilə prosesi idarə etməyə davam edib. Bu çərçivədə prezident Ərdoğan, Putin və Zelenski ilə müntəzəm görüşlər keçirib. Türkiyənin diplomatik təşəbbüsləri nəticəsində müharibənin ilk ayı başa çatmamış tərəflər arasında yüksək səviyyəli görüşün Türkiyənin ev sahibliyi ilə keçirilməsi qərara alınıb.
İlk mühüm təmas 2022-ci ilin mart ayında Antalyada keçirilən görüşdə baş tutub və bu görüş Rusiya və Ukraynanın xarici işlər nazirlərini bir araya gətirib. Bu görüşdən sonra danışıqlar növbəti mərhələyə keçib və iki həftə sonra tərəflər Prezident Ərdoğanın vasitəçiliyi ilə yenidən bir araya gələrək danışıqlar aparıblar.
Müharibə başlayandan təxminən 1,5 il sonra Putin bildirib ki, bu danışıqlar nəticəsində tərəflər razılığa gəliblər, lakin Ukrayna xarici təzyiqlər səbəbindən müharibəni davam etdirmək qərarına gəlib.
Türkiyənin vasitəçilik fəaliyyəti sonrakı dövrdə də davam edib və bir çox mühüm görüşlərə ev sahibliyi edib. Kəşfiyyat orqanları, ombudsmanlar və müxtəlif səviyyələrdə çoxsaylı toplantılar Türkiyənin ev sahibliyi ilə keçirilib. Bu görüşlərdə nüvə silahından istifadə riskləri, əsir mübadiləsi, yaralıların vəziyyəti, itkin düşənlərin taleyi və cəsədlərin döyüş meydanından çıxarılması kimi vacib məsələlər müzakirə edilib.
Türkiyənin müharibədə rolu
Burada xüsusilə mühüm məsələ odur ki, müharibə edən hər iki tərəf Türkiyənin vasitəçiliyinə razıdır. Çünki vasitəçilik fəaliyyəti yalnız qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər. Razılıq olmadan uğurlu nəticə əldə etmək çətindir. Türkiyə Ukraynaya silah satarkən eyni zamanda Rusiya ilə güclü dialoq mexanizmi quraraq, hər iki ölkənin etimadını qazana bilib.
Türkiyə həm geosiyasi baxımdan müharibə bölgəsinə ən yaxın aktorlardan biri olduğu, həm də NATO-nun təzyiqlərinə baxmayaraq bitərəf qalmağı bacardığı üçün döyüşən tərəflər arasında etimad yarada bilib. Ukraynanın bu prosesdə əldə edə biləcəyi hər cür dəstəyə ehtiyacı var. Digər tərəfdən, sanksiyalarla üzləşən Rusiya da Türkiyəni iqtisadi və siyasi baxımdan çıxış yolu kimi görür.
Bu inam müharibə zamanı bir çox fəlakətlərin qarşısının alınmasında mühüm rol oynayıb. Məsələn, Avropanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporojye AES-də baş verən təhlükəli toqquşmalardan sonra tərəflər Türkiyənin vasitəçilik və yardım təklifini qəbul etdilər. Nəticədə Beynəlxalq Atom Enerjisi Agentliyi bölgədə yoxlamalar aparmaq imkanı qazandı.
Türkiyənin təşəbbüsləri nəticəsində müharibənin əvvəlində Mariupolda mülki əhalinin təxliyəsi üçün humanitar dəhliz açılıb. Uşaq evlərindəki uşaqlar və onların tərbiyəçiləri Türkiyəyə gətirilərək himayəyə alınıb. Bundan əlavə, 84 Ahıska türkü də sağ-salamat Türkiyəyə təxliyə edilib. Türkiyə, həmçinin İstanbulda yaradılmış Türkiyə-Ukrayna Yenidənqurma İşçi Qrupu vasitəsilə müharibədən sonrakı Ukraynanın bərpasında mühüm rol oynayacaq.
Diplomatiq gediş
Türkiyənin bu təşəbbüsləri diplomatik vasitəçiliyin uğurlu nümunəsi kimi qiymətləndirilir. Bir çox ölkə tərəfindən müsbət qarşılanmasına baxmayaraq, bəzi dövlətlər bu vəziyyətə qısqanclıqla yanaşıb. Çünki prezident Ərdoğan, həm Putin, həm də Zelenski ilə görüşə bilən yeganə NATO lideri idi.
Fransa və Böyük Britaniya kimi ölkələr bu vəziyyətdən narahat oldular. Putinin müharibə ərəfəsində Makron və Şoltsu uzun masanın qarşı tərəfinə əyləşdirməsi, lakin Ərdoğanla fərqli münasibət göstərməsi bu narahatlığın səbəblərindən biri idi. Hətta Makron bunu açıq şəkildə etiraf edərək belə demişdi: “Kim istəyər ki, Türkiyə Rusiya ilə danışmağa davam edən dünyada yeganə güc olsun?”
Türkiyənin bu mövqeyi, onun qlobal güc balansında diplomatik çevikliyini və təsir gücünü bir daha sübut etdi.
Anar Şuşalı
Hərbi ekspert