Göyərçinləri məzarını ziyarət edən şəhidin doğum günüdür – FOTO
Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin bir zamanlar saxladığı göyərçinləri onun məzarının üzərinə yığışıb.
Veteninfo.az interpress.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd olunub ki, hələ məktəb vaxtlarından göyərçin saxlamağa marağı olan Rövşən bu quşları alıb və onlara qulluq etməyə başlayıb.
Onlarla göyərçinə sahib olan qəhrəmanımız Vətən müharibəsi başlayanda quşları ailəsinə tapşıraraq döyüşlərə qatılıb. Qısa müddət ərzində xüsusi bacarığı ilə seçilən igid əsgərimiz elə Vətən müharibəsinin ilk günlərindəcə şəhid olub. Şəhid əsgərimiz dəfn olunandan sonra bir zamanlar saxladığı göyərçinlərin onun məzarını ziyarət etməsi görənləri heyrətə gətirib.
@seid.qeribŞəhidimiz Rövşən Eynullayevin bir zamanlar saxladığı göyərçinləri onun məzarını ziyarət edir 😔😔♬ orijinal ses – Səid Qərib
Qeyd edək ki, Eynullayev Rövşən Elşən oğlu 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gəlib. Elə həmin kəndin tam orta məktəbində də təhsilini başa vurub.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə elə birinci gündən qatılan Rövşən xüsusi döyüş bacarığı ilə fərqlənib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərərək vuruşub. Sonuncu dəfə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid əsgər Rövşən Eynullayev 29 sentyabr 2020-ci ildə Biləsuvar rayonu Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.
O, göstərdiyi şücaətlərə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!