Xəzər dənizində suyun çəkilməsi sahilboyu ərazilərdə yeni torpaq sahələrinin üzə çıxmasına səbəb olub. Bu isə həmin ərazilərdə gələcəkdə tikinti işlərinin aparılıb-aparılmaması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Maraqlıdır, tikinti aparılsa, gələcəkdə dəniz səviyyəsinin yenidən qalxması həmin binaları necə təsirləndirə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Xəzərdə suyun çəkilməsi müəyyən mənada təbii prosesdir və bəzən insan müdaxilələrinin nəticəsində də baş verir:
“Sahilboyu ərazilərin genişlənməsi ilə boş qalan torpaqların istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. Təbii Sərvətlər Nazirliyinin normativləri digər qanunlarla uyğunlaşdırılıb və inşaat işləri qanunla idarə olunur. Ümumilikdə ciddi qadağalar yoxdur. Hətta süni adaların yaradılması ilə bağlı qanun da qəbul edilib. Lakin bu, sui-istifadə risklərini də artırır”.
Ekspertin sözlərinə görə, dəniz səviyyəsinin yenidən qalxması ehtimalı nəzərə alınmadan aparılan kapital tikinti gələcəkdə ciddi problemlərə gətirib çıxara bilər:
“Xəzərin təbiətinə baxsaq, bu prosesin reversiv olduğunu görərik. Dəniz əvvəl dəfələrlə sahilə doğru irəliləyib – həm 90-cı illərin əvvəlində, həm də II Dünya müharibəsi dövründən sonra. Deməli, bu gün quruda qalan ərazilərin yenidən su altında qalması realdır. Bu səbəbdən həmin zonalarda iri investisiya tələb edən konstruktiv tikililər aparmaq risklidir”.
Elnur Azadov yalnız müvəqqəti və yüngül konstruksiyaların- köşklərin, istirahət zonalarının, çimərlik infrastrukturunun sahilboyu yerləşdirilməsini məqsədəuyğun hesab edir:
“Belə obyektlər müvəqqəti xarakter daşıdığı üçün təhlükə azdır. Amma böyük həcmli tikililər üçün eyni şeyi demək olmaz”.
Ekspert xəbərdarlıq edir ki, sahil zolağında aparılacaq hər bir tikinti layihəsi Xəzərin uzunmüddətli səviyyə dəyişmə risklərini nəzərə almaqla həyata keçirilməlidir.


























