image-d04ccefc-43aa-46aa-b674-1d8bd2bc3d05backend

TARİX YAZAN ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV

image-reklam_sirab_01

Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində sadə və zəhmətkeş ailədə dünyaya göz açan, gənc yaşlarından zəkası və fitri istedadı ilə seçilən, təhlükəsizlik orqanlarında çalışmaqla dövlət idarəçiliyi sirlərinə dərindən yiyələnən ulu öndər Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi bir şəxsiyyətdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış, onun milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən ulu öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi ulu öndərimizin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ölkəmiz ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerləri tuturdu. Görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində,mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi.

Tarixi, irəlini görmək nadir bir hissdir və siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar.

Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi.

Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur.

Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ on ildən artıq bundan əvvəl Brazilyanın “Planetin səsi” qəzeti doqquz dövlətin jurnalistlərinə “dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz” sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir.

Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.

Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın qurucusu olaraq adlandırılması bilavasitə onun xalqımız üçün gördüyü nəhəng işlərə söykənən həqiqət, reallıqdır. Bizlər bu gün Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın davamlı inkişafının şahidlərinə çevrilməkdəyik. Ona görə də, qeyd etmək istərdim ki, Dahi Şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır və bundan sonra da uzun illər yaşadılacaqdır.

Ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Mübariz Hüseynli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki