image-1backend

Türk dövlətlərinin Özbəkistan görüşü

image-reklam_sirab_01

Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan müqavilə ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır. Təşkilat Qarabağ münaqişəsi də daxil olmaqla bir çox əhəmiyyətli məsələlərə öz mövqeyini açıq formada bildirib. Təşkilatın fəaliyyətində əsas istiqamətlər regionda və dünyada sülhün bərqərar edilməsi yönündə birgə səylərin gücləndirilməsi, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılmasıdır.

2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 9-cu Zirvə görüşü keçirilib. Görüşdə əlaqələrin daha da inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, türk dövlətləri arasında ticarət əlaqələrinin asanlaşdırılmasının vacibliyi müzakirə edilib.

Noyabrın 9-da Prezident İlham Əliyevin Zirvə görüşü üçün Özbəkistana getməsi, həmin il üçün dost ölkəyə 3-cü səfəri sayılırdı. Ölkə başçımız Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığını bildirib. Həmçinin TDT-yə üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Tədbirdəki çıxışında Prezident İlham Əliyev bir çox mühüm məqamlara toxunub. Qeyd edib ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalı və bu istiqamətdə lazımi addımlar atılmalıdır.  Ölkə başçımız işğaldan azad edilən bölgələrdə görülən işlər, Ermənistan tərəfinin hiyləgər mina siyasəti və sair məsələlər haqqında məlumat verib. Daha sonra türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edərək bildirib: “Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.

Qeyd edilib ki, hazırda ölkəmizdə münbit sərmayə iqlimi mövcuddur. Bunu  da  nəticəsində son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bu gün bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Hazırda Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.

Vahid İsmayılov

Tarix üzrə fəlsəfə doktoru

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image