Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (DİİXİHİ RK) və Spartak Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sahə həmkarlar ittifaqı komandaları arasında mini futbol turnirinin final mərhələsi keçirilib.
Finaldan öncə çıxış edən AHİK sədrinin müavini, DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanov AHİK sədri Səttar Möhbalıyevin salamlarını iştirakçılara çatdırararq onlara uğurlar arzulayıb. Sonra H.Osmanov müasir Azərbaycanın qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyi ilə bağlı yerinə yetirdiyi tarixi missiyalardan söz açıb. Bildirib ki, müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir: “Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamış, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş Heydər Əliyev hər iki mərhələdə Azərbaycanın möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur”.
“Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Bu gün Azərbaycan dünyanın idman meydanlarında qazandığı möhtəşəm nailiyyətlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub”, – H.Osmanov qeyd edib.
Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları İctimai Birliyinin (AHİİTİB) sədri Nadir Əliyev çıxışında ölkəmizdə Heydər Əliyev irsinin təbliği istiqamətində görülən işlərdən və dövlətimizin idman siyasətindən danışıb.
Final matçı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun komandaları arasında baş tutub. Gərgin və maraqlı keçən qarşılaşma 3-0 hesabı ilə Daxili İşlər Nazirliyi komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, I yeri Daxili İşlər Nazirliyinin komandası, II və III yerləri isə müvafiq olaraq Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin komandaları qazanıblar.
I yeri tutan komandanın hər üzvünə 200 manat, II yeri tutan komandanın üzvlərinə 150 manat, III yeri tutan komandanın üzvlərinə isə 100 manat məbləğində pul mükafatı və xatirə hədiyyələri təqdim edilib.
Turnir boyunca fərqlənən digər komandalar – Heydər Əliyev Mərkəzinin və Bakı Nəqliyyat Agentliyinin komandaları da mükafatsız qalmayıb.
Qaliblərin mükafatlandırılması mərasimində AHİK sədrinin müavini, DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanov, AHİİTİB sədri Nadir Əliyev, Baş Prokurorun müavini Heydər Məmmədov, Daxili İşlər Nazirinin müavini İsmət Əliyev, Dinamo İdman Cəmiyyətinin sədri, Olimpiya çempionu Zemfira Mehtahətdinova və AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Nəsirov iştirak ediblər.
Qeyd edək ki, martın 29-dan start götürən turnirdə 4 qrupdan ibarət 20 komanda mübarizə aparıb.