image-photo-2021-11-10-09-13-09-4backend

Ümumbəşər Azərbaycan

image-reklam_sirab_01

Noyabrın 4-də fəaliyyətə başlayan növbəti Qlobal Bakı Forumu gündəliyində duran məsələlərlə həm dünyanın diqqət mərkəzində oldu, həm də Azərbaycanı diqqət mərkəzinə çevirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun mövzusunun “Covid-19-dan sonrakı dünya” olması Azərbaycanın sözün həqiqi mənasında dünyəvi bir dövlət olmasının növbəti sübutu idi. Nəyə görə məhz dünyəvi? Təkcə müxtəlif din və millətlərə mənsub insanların birlikdə əmin-amanlıq şəraitində yaşaması həmin dövlətin dünyəvi olmasının göstəricisi deyildir. Çünki dünya o ölkələrin sərhədləri daxilində məhdudlanmayıb. Dünyəvi dövlət olmaq hər birimizin evi olan yer kürəsində baş verənlərə həssas yanaşmaq, dünyanın hər bir nöqtəsində yaşayan insanların taleyinə biganə qalmamaqdır. Sadaladığım bu müsbət keyfiyyətlər məhz öz vətənimiz Azərbaycanda var, desək yanılmarıq. Təşəbbüskarı olduğumuz bu forum cənab Prezidentin çıxışları ilə bir daha ümumbəşər dəyərlərin dövlətimiz üçün nə qədər önəmli olduğunu vurğuladı.

Azərbaycanın təşəbbüsü ilə COVİD-19-un müalicəsi üçün məlumat bazasının yaradılması və Ümumdünya Səhiyyə Təşkilatının Qoşulmama Hərəkatına üzv olan ölkələrdə həmin məlumat bazasından istifadə etməsi Azərbaycanın dünya dövlətləri üçün ən etibarlı tərəfdaş olduğunu göstərirdi. Əlbəttə, dövlətimizin bu çətin zamanlarda dünyaya verdiyi töhfələr bununla bitməmişdir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozası ilə təmin etmiş, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərmişdir. Unutmaq olmaz ki, Azərbaycan qlobal səbiyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan dövlətdir. Cənab Prezident istər ölkə daxili, istərsə də xarici media nümayəndələrinə verdiyi müsahibələrdə dəfələrlə bu mövzuya toxunaraq, peyvənd mövzusunda ədalətsizlik edən dövlətlərin adlarını da çəkmiş və onları bu əməldən uzaqlaşmağa çağırmışdır. İlham Əliyev forumda çıxışında da bəzi ölkələrin üçüncü doza vaksinin tətbiqinə başladığı halda bir çox ölkələrdə birinci doz vaksinasiya səviyyəsi çox aşağıdır.

Pandemiya ilə mübarizədə dünyanın gözləri qarşısında bir Azərbaycan modeli var. Digər ölkələr təkcə pandemiya ilə mübarizədə iqtisadiyyatının çökdüyünü elan etdiyi bir vaxtda Azərbaycan həm müharibə, həm də pandemiya ilə mübarizədə döyüş meydanından qalib ayrılır. Pandemiya başlayandan qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmış, covid-19-la mübarizədə aparılmış qapanmalardan əziyyət çəkən insanlar üçün 2020-2021-ci illərdə sosial-iqtisadi yardım paketi ayrılmış, paketin ümumi miqdar dəyəri 2,9 milyard ABŞ dolları müəyyənləşdirilmişdir. Vətən Müharibəsindən sonra da davam edən covid-lə mübarizə tədbirləri dövlətin şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Qarabağın qısa zaman kəsiyində yenidən qurulması fonunda davam etdirilmişdir. Pandemiya ilə mübarizənin növbəti mərhələsi olan peyvəndləmə siyasəti də ölkəmizdə uğurla aparılır. Cari ilin yanvar ayının 18-dən indiyə kimi 18 yaşdan yuxarı olan əhalinin 60 faizindən çoxunun hər iki doza peyvəndlənməsi bunun sübutudur.

Ümumbəşər dəyərlərə üstünlük verən Azərbaycan, əlbəttə, təkcə pandemiya ilə mübarizədə dünya dövlətlərinə göstərdiyi köməkliklə kifayətlənməyəcəkdi. Budur, qarşısınızda Avropanın enerji təhlükəsizliyi meyarına çevrilməklə qazla təchiz etdiyi ölkələri qaz böhranı, qiymət böhranı və soyuqdan donmaqdan xilas edən Azərbaycan var.  Təkcə bu ilin yanvar ayının 1-dən oktyabrın 31-dək Azərbaycan 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib. Qeyd edək ki, bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.

Göründüyü kimi Azərbaycanın istər pandemiya ilə mübarizədə atdığı mühüm addımlarla , istərsə Avropanın enerji təhlükəsizliyini təmin etməklə, istərsə də müharibədən sonra Qarabağın quruculuq işlərini uğurla davam etdirməklə dünya üçün nə qədər önəmli dövlət olduğu, ümumbəşər dəyərlərə sadiq qalaraq uğurlu siyasət yürütdüyü gün kimi aydındır. Geriyə qalan özlərini humanist adlandıran, insan hüquqlarını hər şeydən üstün bilən “dövlətlərin” Azərbaycandan nümunə götürməsidir. Daha gözəl dünya naminə Azərbaycan modelini xatırlamalıdırlar!

Günəş Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki