Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən əbədiyaşar liderin abidəsi önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi yad olunub.
Regional idarənin rəisi Vəsilə Möhsümova dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalandığını diqqətə çatdırıb.
Regional idarənin rəisi tərəfindən xüsusi vurğulanıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi kompleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.
Daha sonra idarənin kollektivi Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgiyə baxış keçirilib, Mərkəzin direktoru Arifət Əhmədova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri, həmçinin Bərdə rayonuna səfərlərini özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verilib.